Nigar Arpadarai: Formula-1 komandalarının avadanlığı artıq Bakıya gətirilir
Formula-1 Azərbaycan Qran-Prisinin başlanmasına bir həftə qalıb. Artıq trek və trek ətrafında hazırlıq işləri yekunlaşmaq üzrədir. Paddok binasında da son tamamlama işləri aparılır. Komandaların avadanlığı artıq Bakıya gətirilir.

Bu sözləri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai qeyd edib ki, Paddok klubdakı yerlərə biletlər Formula-1 tərəfindən satılır. Bu yerlərin biletləri korporativ şirkətlər tərəfindən və ya fərdi şəkildə alına bilər. Buradakı xidmətlər üçulduzlu otellərdə göstərilən xidmətlərlə eynidir.

Bildirib ki, yarışla bağlı bütün tikinti işləri yekunlaşmaq üzrədir. Tribunalar tikilib qurtarıb. Tikinti işlərinin 95 faizdən çoxu tam yekunlaşıb. Gələn həftə son tamamlama işləri aparılacaq. Bu il tribunalarla yanaşı, bokslar da tikilib. Korporativ şirkətlərin nümayəndələri yarışa tribunalardan baxmaq istəməsələr, yuxarı hissədəki bokslardan baxa bilərlər.

BŞH rəsmisi könüllülərin və marşalların təlimlərinin də son mərhələdə olduğunu bildirib. O, keçən illə müqayisədə bu il Formula-1 yarışı ilə bağlı Bakıya gələcək xaricilərin sayının iki dəfə çox olacağını vurğulayaraq deyib ki, dekabrdan bilet satışına start vermişik. İlk aylarda biletləri xarici vətəndaşlar intensiv şəkildə aldılar. İndi də xaricdən bilet alanlar çoxdur. Ancaq hazırki mərhələdə bilet alışında Azərbaycan və Rusiya vətəndaşları daha çoxluq təşkil edirlər. İki tribunaya biletlər tam satılıb, bir neçə tribunaya isə tam satılmaq üzrədir.

N.Arpadarai xatırladıb ki, iyunun 19-dan Bakı şəhər halqası ərazisində yollar nəqliyyatın hərəkəti üçün bağlanacaq və ayın 27-dək burada Formula-1 həftəsi olacaq.

Xəbər 721 dəfə oxundu.