İslamiadanın yüksək səviyyədə təşkil olunması Azərbaycanın bu sahədə əldə etdiyi təcrübədən irəli gəlir
IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunması Azərbaycanın bu sahədə əldə etdiyi təcrübədən irəli gəlir. Azərbaycan yalnız idman deyil, gənclər sahəsində də böyük uğurlar qazanıb.

Bunu Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında mükafat qazanan Qırğızıstan idmançıları ilə görüşündə bu ölkənin Gənclər, Bədən Tərbiyəsi və İdman Məsələləri üzrə Dövlət Agentliyi direktorunun müavini Kanatbek Arpaçiyev deyib.

Görüş Qırğızıstanın Gənclər, Bədən Tərbiyəsi və İdman Məsələləri üzrə Dövlət Agentliyi və bu ölkənin Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə keçirilib.

Səfir Qırğızıstan komandasının IV İslam Həmrəyliyi Oyunlarında yüksək səviyyədə iştirak etdiyini və medal sıralamasında 10-cu yeri tutduğunu deyib. O, Oyunlarda iştirak edən Mərkəzi Asiya ölkələri arasında Özbəkistandan sonra ən yaxşı nəticəni qazanan Qırğızıstanın 2-ci yerdə olduğunu vurğulayıb, bunu qırğız idmançılarının böyük uğuru kimi qiymətləndirib.

Azərbaycanlı diplomat son illər idmançılarımız və gənclərimiz arasında əməkdaşlığın inkişaf etdiyini qeyd edib. O, Azərbaycan komandasının Qırğızıstanda keçirilən II Dünya Köçəri Oyunlarında 70 idmançı ilə çıxış edərək yaxşı nəticələr qazandığını da bildirib.

Hidayət Orucov gənclər siyasəti sahəsində səfirlik ilə Qırğızıstanın Gənclər, Bədən Tərbiyəsi və İdman Məsələləri üzrə Dövlət Agentliyi və bu ölkənin Milli Olimpiya Komitəsi ilə birgə işlərin görüldüyünü diqqətə çatdırıb.

Səfir sonra hər iki qurumun nümayəndələrinə xatirə hədiyyələri və kitablar təqdim edib, qırğız idmançılara yeni uğurlar arzulayıb.

Sonra çıxış edən Qırğızıstanın Gənclər, Bədən Tərbiyəsi və İdman Məsələləri üzrə Dövlət Agentliyi direktorunun müavini Kanatbek Arpaçiyev Azərbaycanın son illər Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası, bədii gimnastika üzrə dünya çempionatı və “Formula-1” kimi nəhəng beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini bildirib. O, Odlar Yurdunun dünyada güclü idman ölkəsi kimi qəbul olunduğunu xüsusi vurğulayıb.

Qırğızıstan Milli Olimpiya Komitəsinin baş katibi Salamat Erqeşov ölkəsinin IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən bütün idmançıları adından Azərbaycanda yaradılan şəraitə görə təşəkkür edib və Qırğızıstanın Olimpiya yığmasının formasını səfirə təqdim edib.

AZƏRTAC

Xəbər 1876 dəfə oxundu.