Boksçularımız “Heydər Əliyev kuboku-2017”ni 19 medalla başa vurublar
Naxçıvanda yeniyetmə oğlan boksçular arasında keçirilən “Heydər Əliyev kuboku-2017” beynəlxalq turniri başa çatıb.

İyunun 14-də baş tutan final görüşlərindən sonra bütün mükafatçıların adına aydınlıq gəlib.

Turnirə 2 komanda ilə qatılan yığmamız 4 qızıl, 5 gümüş və 10 bürünc medal qazanıb. Komanda hesabında millimizi Qazaxıstan izləyib. Onlar Naxçıvanda 4 qızıl və 5 bürünc medala yiyələniblər.

İran yığmasının mükafat qazanmadığı turnirdə Özbəkistan (3 qızıl, 1 gümüş, 2 bürünc), Gürcüstan (1-4-1) və Ukrayna (0-1-5) 6, Qırğızıstan 4 (1-0-3), Macarıstan (0-1-0) və Rusiya hərəyə 1 (0-1-0) medala sahib olublar.

Azərbaycan boksçularından fəxri kürsünün ən yüksək pilləsinə Maqsud Xasmetov (46 kq), Rüfət Fətullayev (48 kq), Elşən Cəbizadə (57 kq) və Rüfət Nəbiyev (66 kq) qalxıblar. Gümüş mükafatlara Əzrək Bəbirov (52 kq), Ağasəlim Mustafazadə (54 kq), İbrahim Cəfərzadə (63 kq), Cavid Qurbanov (70 kq) və Vüqar Səmədov (80 kq-dan yuxarı) sahib olublar. Bürünc medallarla isə Sənan Əhmədov, Eltac Cəfərzadə (hər ikisi 48 kq), Kənan Abışov, Kənan Səfiyev (hər ikisi 50 kq), Əhməd Rzayev (52 kq), Rəşid Həsənov (54 kq), Samir Nəsirov (60 kq), Səlim Səlimov (63 kq), Yusif Allahverdiyev (70 kq) və Murad Allahverdiyev (75 kq) kifayətləniblər.

Xəbər 867 dəfə oxundu.