“Qəbələ” Avtsriyanın “Fulpmes” klubunu böyük hesabla məğlub edib
Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” mövsümlərarası dövrdə ilk yoxlama oyununu keçirib. İlk rəqib yerli “Fulpmes” klubu olub.

“Qırmızı-qaralar” qarşılaşmaya aşağıdakı “11-lik”lə başlayıblar: Dmitri Bezotosnı, İlqar Qurbanov, Tellur Mütəllimov, Vitali Vernidub, Vojislav Stankoviç, Elvin Camalov, Qismət Alıyev, Filip Ozobiç, Roman Hüseynov, Asif Məmmədov, Baqali Dabo.

“Qəbələ”nin aşkar üstünlüyü ilə keçən qarşılaşmanın ilk 45 dəqiqəsində 4 qol vurulub. B.Dabo, T.Mütəllimov, İ.Qurbanov və F.Ozobiç meydan sahiblərini oyuna mərkəzdən başlamağa məcbur ediblər.

Baş məşqçi Roman Qriqorçuk ikinci hissədə Aqil Məmmədov, Yusif Nəbiyev, Rasim Ramaldanov, Sahil Mirzəyev, Fərid Nəbiyev, Ülvi İbazadə və Hacıağa Hacılıya da şans verib. Matçın ikinci yarısında “qırmızı-qaralar” üstünlüyünü daha da artıraraq daha 4 qol vurub. Öncə E.Camalov fərqlənib, ardınca Q.Alıyev penaltidən dəqiq olublar. Meydana fasilədən sonra daxil olan Ü.İbazadə isə dubla imza atıb.

Ümumilikdə Avstriya toplanışında ilk oyununda “Fulpmes”i sınağa çəkən “Qəbələ” böyük hesablı qələbə qazanıb – 8:0.

Qeyd edək ki, komanda iyunun 15-də Rusiyanın “Axmat” klubu ilə üz-üzə gələcək.

Xəbər 644 dəfə oxundu.