Bərdədə açıq rayon birinciliyində 180 cüdoçu qələbə uğrunda mübarizə aparıb
Bərdə Olimpiya İdman Kompleksində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş cüdo üzrə kiçik kadetlər, kadetlər və yeniyetmələr arasında keçirilən açıq rayon birinciliyi başa çatıb.

Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 12 şəhər və rayonun komandaları iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Aydın Qasımov çıxış edərək, ulu öndər Heydər Əliyevin idmanın inkişafına və maddi-texniki bazasının yaxşılaşdırılmasına, idmançılara göstərdiyi qayğıdan danışıb. Bildirilib ki, Ulu Öndərin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan bayrağı mötəbər beynəlxalq yarışlarda ən yüksəklərdə dalğalanır. Artıq Azərbaycan dünya səviyyəli idman yarışlarına ev sahibliyi edir. Formula-1, I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi buna bariz nümunədir.

Əsasnaməyə uyğun olaraq, yarışda 22 çəki dərəcəsində 180 cüdoçu qələbə uğrunda mübarizə aparıb. Birincilik Azərbaycan Cüdo Federasiyasının Aran-Qarabağ regionunun koordinatoru, yarışın baş hakimi Şahin Əhmədovun rəhbərliyi ilə 12 nəfərdən ibarət hakimlər heyəti tərəfindən idarə edilib.

Gərgin mübarizə şəraitində keçən yarışın qalibləri müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Xəbər 1187 dəfə oxundu.