“Qəbələ” Avstriyada ilk yoxlama matçına çıxacaq
Avropa liqasının 2017-2018-ci il mövsümündə ölkəmizi təmsil edəcək “Qəbələ” futbol klubu hazırlığını davam etdirir.

İyunun 7-dən Avstriyada olan “qırmızı-qaralar” məşqlərini İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində gerçəkləşdirirlər. Roman Qriqorçukun baş məşqçisi olduğu komanda gündə iki hazırlıq keçir. Günün ilk yarısında fitness-zalda fiziki hazırlıq üzrə çalışmalara üstünlük verilir. İkinci məşq isə meydançada toplu çalışmalardan ibarət olur.

İyirmi yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının toplanışından dönən Qismət Alıyev və Yusif Nəbiyev də artıq “qırmızı-qaralar”ın məşqlərinə qoşulublar. Dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşan əsas yığmanın düşərgəsində olan futbolçular isə komandanın hazırlığına iyunun 15-də qatılacaqlar.

Xatırladaq ki, “Qəbələ” Avstriyada ilk yoxlama oyununu iyunun 12-də yerli “Fulpmes”ə qarşı keçirəcək.

Xəbər 626 dəfə oxundu.