“Renault” 2017-ci ildə motoru yeniləməyi planlaşdırmır
Fransanın “Renault” avtomobilqayırma korporasiyasının motorçuları 2017-ci ildə bir addım irəli gedərək, korporasiyanın “Mersedes” və “Ferrari”dən geriliyini bir qədər azalda biliblər. Amma “Renault”un güc qurğuları hələ də rəqiblərinkindən geri qalır.

Şayiələrə görə, Azərbaycan Qran-prisi üçün irimiqyaslı yenilənmə hazırlanırmış. Amma “Renault Sport Racing”in idarəedici direktoru Siril Abitebul bildirib ki, növbəti mövsümə qədər ciddi dəyişikliklər olmayacaq.

O deyib: “”Red Bull”da deyirdilər ki, Bakıda böyük modernləşdirmə olacaq. Biz mühərriki daim yeniləyirik, hər yürüşə müəyyən təkmilləşdirmələrlə gəlirik. Ötən il Qran-prilərdən birinə motorun xeyli yenilənmiş versiyasını gətirdik. Bu motor irəliyə doğru böyük addım atmağa imkan verdi. Amma biz bunu hər il təkrar edə bilmərik. İndi biz güc qurğusunu daim inkişaf etdiririk. Bu da kömək edir. Axı bizim sehrli reseptimiz yoxdur, dinamik stenddən istifadə etməklə inkişaf proqramımız var. Motor yürüşdən yürüşə daha etibarlı olur.

Növbəti ciddi modernləşdirmə tamamilə yeni konsepsiyamız olanda - 2018-ci ildə həyata keçiriləcək. Bu da gələn il irəliyə doğru böyük addım atmağımıza imkan verəcək”.

Xəbər 1746 dəfə oxundu.