İtaliyada “A” seriyasında yeni mövsümdə videotəkrar sistemi tətbiq ediləcək
Futbol üzrə İtaliya çempionatının “A” seriyasında artıq növbəti mövsümdə videotəkrar sistemi tətbiq ediləcək.

İtaliya Futbol Federasiyasının (İFF) prezidenti Karlo Tavekkio bildirib ki, arbitrlərə videoyardım sistemindən istifadə etmək üçün hər bir stadion əlavə videokameralarla təchiz edilməlidir. İFF Beynəlxalq Futbol Federasiyasının (FIFA) da icazəsini almalıdır.

TASS agentliyi K.Tavekkionun aşağıdakı sözlərini sitat gətirib: “Biz bütün stadionlara yeni videotəkrarlar sistemini tətbiq etdiyimiz üçün klublardan bir balaca anlayış gözləyirik. Bundan ötrü baş hakimin assistentlərinə ayrıca otaq və azı 8 televiziya kamerası lazım gələcək. “A” seriyası bu məqsəd üçün tələb olunan 2 milyon avro məbləğində xərcləri təmin edəcək. FIFA hələlik tam icazə verməyib, amma bütün işarələr aydın şəkildə göstərir ki, biz gələn mövsümün əvvəlindən başlayaraq videotəkrarlardan istifadə edəcəyik”.

Videotəkrarlar sistemi beynəlxalq yoldaşlıq görüşlərində və bir neçə turnirdə, məsələn, dünya klub çempionatında və gənclərdən ibarət komandalar arasında dünya çempionatında sınaqdan keçirilib. İFF daha əvvəl bu sistemi İtaliya birinciliyinin ikinci divizionuna tətbiq edib.

Arbitrlərə videoyardım sistemi 2017-ci və 2018-ci illərdə Rusiyada keçiriləcək Konfederasiyalar Kuboku turnirində və dünya çempionatında da işləyəcək.

Xəbər 586 dəfə oxundu.