Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində üç qrupda görüşlər keçirilib
İyunun 11-də futbol üzrə dünya çempionatının Avropa üzrə seçmə mərhələsi çərçivəsində “D”, “G” və “I” qruplarında görüşlər keçirilib.

Azərbaycanlı futbolsevərlər üçün maraq doğuran qarşılaşma “I” qrupunda yer alan Türkiyə milli komandasının görüşü olub. Qardaş ölkə təmsilçiləri səfərdə Kosovo millisinə 4:1 hesabı ilə qalib gələrək çempionata qatılmaq yolunda vacib olan üç xalı qazanıblar. Türkiyə millisinin heyətində Volkan Şen (6), Cengiz Ünder (31), Burak Yılmaz (61) və Ozan Tufan (82) fərqləniblər. Ev sahiblərinin qolunu isə matçın 22-ci dəqiqəsində Əmir Rəhmani vurub.

Bu qrupun digər oyununda Ukrayna yığması səfərdə Finlandiyanı 2:1 hesabı ilə məğlub edib. Növbəti oyunda isə İslandiya millisi doğma meydanda qrupun lideri Xorvatiya yığmasına son dəqiqədə vurduğu bir qol sayəsində qalib gəlib – 1:0.

Bu turdan sonra İslandiya millisi qrup lideri ilə xalları bərabərləşdirib. Hər iki komandanın aktivində 13 xal olsa da, xorvatiyalılar top fərqinə görə liderliyi qoruya biliblər. Türkiyə millisi isə eyni xala (11) malik olduğu Ukrayna yığmasını top fərqində üstələyərək üçüncü sırada qərarlaşıb. Hər ikisi bir xal toplayan Finlandiya beşinci, Kosovo isə altıncı sıradadır.

“D” qrupunda keçirilən hər üç görüş qollu heç-heçə ilə nəticələnib. İrlandiya–Avstriya (1:1), Moldova–Gürcüstan (2:2) və Serbiya–Uels (1:1) matçlarında qalib müəyyənləşməyib. Bu qrupda Serbiya və İrlandiya yığmalarının 12, Uels və Avstriyanın isə 8 xalı var. Gürcüstan 3 xalla beşinci, Moldova isə 2 xalla altıncıdır.

“G” qrupuna liderlik edən İspaniya və İtaliya milliləri öz oyunlarını qələbə ilə başa vurublar. İspaniya yığması səfərdə Makedoniyanı (2:1), dördqat dünya çempionları isə doğma meydanda Lixtenşteyni (5:0) məğlub edib. Albaniya isə səfərdə İsrailin qapısından üç cavabsız top keçirib.

İspaniya və İtaliya milliləri 16 xalla qrupa liderlik edirlər. Pireney təmsilçisi top fərqinə görə italiyalıları qabaqlayırlar. Albaniya və İsrail milliləri 9, Makedoniya yığması isə 3 xal toplayıb. Lixtenşteynin isə aktivində xal yoxdur.

Xəbər 761 dəfə oxundu.