Formula-1: Kanada Qran-Prisi “Mercedes”in pilotu Luis Hamiltonun qələbəsi ilə başa çatıb
İyunun 11-də Formula-1 dünya çempionatının yeddinci mərhələsi – Kanada Qran-Prisi “Mercedes” komandasının britaniyalı pilotu Luis Hamiltonun qələbəsi ilə başa çatıb.

L.Hamilton Monrealdakı 4361 metrlik Gilles Villenueve trekini 1 saat 33 dəqiqə 5,154 saniyəyə başa vurub. L.Hamiltonun komandası yoldaşı, ondan 19,783 saniyə geri qalan Valtteri Bottas yetmiş dövrəlik treki ikinci sırada tamamlayıb. Üçüncü yerdə “Red Bull Racing” komandasının pilotu Daniel Rikkiardo qərarlaşıb. Cari çempionatın lideri “Ferrari”nin pilotu Sebastian Vettel isə Kanada Qran-Prisində finiş xəttinə dördüncü çatıb. İlk beşliyi “Force India Mercedes” komandasının üzvü Sergio Perez tamamlayıb.

Sebastian Vettel Kanada Qran-Prisində dördüncü olmasına baxmayaraq, ümumi sıralamada liderliyini qoruyur. İl ərzində keçirilən altı Qran-Prinin üçündə (Avstraliya, Bəhreyn, Monako) qalib gələn Sebastian Vettelin 141 xalı var. Yeddinci Qran-Pridə aktivinə 25 xal əlavə edən Luis Hamilton liderlə aradakı fərqi bir qədər də azaldıb. O, bu qələbədən sonra xal ehtiyatını 129-a çatdırıb. Britaniyalı pilot Cin və İspaniya Qran-Prilərində fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Onun komanda yoldaşı, Rusiya Qran-Prisinin qalibi Valtteri Bottas isə 93 xalla üçüncü sırada yer alıb.

“Ferrari”nin digər pilotu Kimi Raikkonen 73 xalla dördüncü, Daniel Rikkiardo (Red Bull Racing) isə 67 xalla beşincidir.

Konstruktorlar kubokunda isə ilk beş yerdə müvafiq olaraq, “Mercedes” (222 xal), “Ferrari” (214 xal), “Red Bull Racing” (112 xal), “Force India Mercedes” (71 xal) və “Toro Rosso” (29 xal) qərarlaşıblar.

Çempionatın növbəti – səkkizinci mərhələsi olan Azərbaycan Qran-Prisi iyunun 23-25-də Bakıda keçiriləcək.

Xəbər 597 dəfə oxundu.