Azərbaycan-Şimali İrlandiya: oyunun taleyi son dəqiqələrdə həll olundu
İyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Şimali İrlandiya yığmasını qəbul edib.

İspaniyalı baş hakim Xavier Estradanın idarə etdiyi oyunun ilk hissəsində Azərbaycan futbolçuları iki dəfə hesabı açmağa yaxın olsalar da, bundan yararlana bilməyiblər. Belə ki, matçın 16-cı dəqiqəsində Dmitri Nazarovun güclü zərbəsindən sonra top qapının üstündən keçib. 23-cü dəqiqədə isə Ramil Şeydayov real qol imkanını əldən verib.

İkinci hissəyə Azərbaycan millisi daha fəal başlayıb. Görüşün 64-cü dəqiqəsində Əfran İsmayılovun dəqiq zərbəsini rəqib komandanın qapıçısı Mixael Makqoven çətinliklə dəf edib. Qarşılaşmanın 83-cü dəqiqəsində Əfran İsmayılov daha bir əlverişli imkanı qola çevirə bilməyib.

Görüşün taleyi son dəqiqələrdə həll olunub. Oyuna əlavə edilmiş vaxtda (90+2) Şimali İrlandiya komandamızın qapısına qol vuraraq, 1:0 hesabı ilə qalib gəlib. Matçdakı yeganə qola Stüart Dallas imza atıb.

Xatırladaq ki, millimizin yer aldığı "C" qrupunda Almaniya 15 xalla vahid liderdir. Şimali İrlandiya 13 xalla ikinci, Çexiya 8 xalla üçüncü, Azərbaycan yığması 7 xalla dördüncü, Norveç 3 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncu pillədə qərarlaşıb.

Xəbər 627 dəfə oxundu.