İdman və akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyinin ilk gününün qalibləri müəyyənləşib
Azərbaycan Gimnastika Federasiyası yerli yarışlar mövsümünə start verib.

İyunun 9-da kişi və qadın idman gimnastikası üzrə 24-cü Bakı çempionatı və Azərbaycan birinciliyi, o cümlədən akrobatika üzrə 24-cü ölkə birinciliyi başlayıb.

Milli Gimnastika Arenasında keçirilən yarışda Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, “Ocaq Sport” Klubu, “Neftçi” İdman Klubu, Nizami rayonu İdman Məktəbi, Balakən, Şabran və Sumqayıtı təmsil edən 134 gimnast mübarizə aparır.

Yarışların ilk günü balacalar, gənclər, yeniyetmələr və uşaqlar yaş kateqoriyasında yer almış qadın idman gimnastları mübarizə aparıblar. Beləliklə, idman gimnastikası üzrə Azərbaycan birinciliyində müxtəlif yaş kateqoriyasında qaliblər müəyyənləşib.

Yarışda əvvəlcə yeni başlayanlar və balacalar qüvvələrini sınayıblar.

Yeni başlayan gimnast qızların çoxnövçülük üzrə mübarizəsində “Ocaq Sport” klubunun yetirməsi Asya Ağayeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Balaca gimnastların yarışında da “Ocaq Sport” klubunun təmsilçisi Dəniz Əliyeva qızıl medal qazanıb.

Uşaqların yarışında isə Bakı Gimnastika Məktəbinin yetirməsi Kristina Osetina fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yeniyetmələrdə “Ocaq Sport” klubunu təmsil edən Nazənin Teymurova qalib adını qazanıb.

Gənc idmançılar arasında yarışda isə Bakı Gimnastika Məktəbindən Valeriya Şulayeva bütün rəqiblərindən üstün olub.

İyunun 10-da kişi idman gimnastları mübarizəyə qoşulacaqlar.

Xəbər 1259 dəfə oxundu.