Yeniyetmə yunan-Roma güləşçilərimiz Gürcüstanda altı medal qazanıblar
Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə beynəlxalq güləş turniri başa çatıb. Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamız turnirdə iştirak edib.

Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Əliyevin rəhbərliyi altında yarışda iştirak edən güləşçilərimiz ikinci yarış günündə 1 qızıl və 1 gümüş medal qazanıblar.

Qızıl medalı yığmamıza bütün rəqiblərindən üstün olan Nihat Məmmədli (46 kq) qazandırıb. Finalda komanda yoldaşına uduzan Həsrət Cəfərov isə gümüş medalla kifayətlənib.

Beləliklə, iki gün davam edən turniri güləşçilərimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edib.

Qeyd edək ki, bu il yeniyetmə güləşçilərin Avropa çempionatı iyulun 24-30-da Bosniya və Herseqovinada, dünya çempionatı isə sentyabrın 4-10-da Yunanıstanda baş tutacaq.

Xəbər 1340 dəfə oxundu.