Bəhreyn mətbuatı: Azərbaycan ən böyük idman tədbirlərinə ev sahibliyi etməyə qadirdir
Azərbaycan ən böyük idman tədbirlərinə ev sahibliyi etməyə qadir dövlətlərdən biridir.

Bu fikir Bəhreynin “Al-Bilad” saytında dərc olunan məqalədə əksini tapıb.

Yazıda qeyd olunub ki, Azərbaycan mayın 12-dən 22-dək IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi edib. Azərbaycan hökumətinin təqdim etdiyi logistik, texniki, maliyyə dəstəyi, həmçinin insan resursları sahəsində yüksək səviyyədə təşkil olunmuş tədbir İslamiadada iştirak edən 54 müsəlman ölkəsinin idmançıları tərəfindən razılıqla qarşılanıb.

“Bakı gözəl turizm məkanlarını təqdim etmək üçün idmana investisiya yatırır” sərlövhəli yazıda vurğulanır ki, ölkə malik olduğu infrastruktur, müasir arenalar, yüksək səviyyəli xidmət sahələri, nəqliyyat şəbəkəsi sayəsində Olimpiya Oyunlarına da ev sahibliyi edə bilər.

Diqqətə çatdırılıb ki, belə beynəlxalq səviyyəli idman tədbirləri Azərbaycanda turizmi gücləndirmək, qədim mədəniyyəti təbliğ etmək baxımından mühüm əhəmiyyətə malikdir. İdman qurğularının mötəbər yarışlara və çempionatlara ev sahibliyi üçün əsas elementlər hesab edildiyini yazan müəllif bildirib ki, Azərbaycan da beynəlxalq standartlara uyğun müasir arenalara malikdir. Azərbaycan İslamiadanı yüksək səviyyədə təşkil etməklə, idman dünyasında mühüm mövqeyini daha da möhkəmləndirib.

Xəbər 2217 dəfə oxundu.