Mini-futbol çempionatına yekun vurulub
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü və 15 İyun - Milli Qurtuluş Günü münasibətilə İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi ilə birgə təşkil etdiyi mini-futbol çempionatı başa çatıb.

Mayın 13-də start verilmiş turnirdə İqtisadiyyat Nazirliyi qurumlarının 14 komandası iştirak edib. Final görüşündə "Təmiz Şəhər" ASC və "Azərlotereya" ASC-nin komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Təmiz Şəhər" ASC-nin komandası qalib gəlib.

Çempionatda ilk dörd yeri tutan komandalara və ayrı-ayrı nominasiyalar üzrə fərqlənən idmançılara fəxri fərman, pul mükafatı və hədiyyələr, çempionatın qalibinə - "Təmiz Şəhər" ASC-nin təmsilçilərinə kubok və pul mükafatı təqdim edilib.

İqtisadiyyat Nazirliyinin qurumları arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə və Milli Qurtuluş Gününə həsr olunan mini-futbol turniri 2009-cu ildən etibarən hər il təşkil olunur.

Xəbər 1393 dəfə oxundu.