“Olimpiya hərəkatı” proqramı çərçivəsində respublika birinciliyinin final mərhələsi başlayıb
İyunun 4-də Milli Olimpiya Komitəsi (MOK), Təhsil, Gənclər və İdman nazirliklərinin, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı "Coca-Cola" şirkətinin birgə təşkilatçılığı ilə məktəblilərin ən böyük idman yarışı "Olimpiya hərəkatı" proqramı çərçivəsində respublika birinciliyinin final mərhələsi başlayıb.

"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən açılış mərasimində Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra rayonlar üzrə komandalar paradla səhnəyə daxil olublar.

MOK-un marketinq departamentinin rəhbəri Mehman Kərimov final mərhələsini açıq elan edib.

Bildirib ki, proqram faydalılığı və miqyası ilə fərqlənir: “Bu proqram Azərbaycanın Olimpiya hərəkatına və uşaq idmanının inkişafına dəstək olur. Məktəblilərə də maraqlı layihədə iştirak etdiyinə görə təşəkkür edirəm. Çox həyəcanlı yarışlardan sonra nəhayət final mərhələsindəyik. Hər birinizə uğurlar arzu edirəm”.

"Olimpiya hərəkatı" proqramının baş hakimi Vaqif Əliyev iştirakçıları yarış qaydaları və final mərhələsinin şərtləri ilə tanış edib.

Qeyd edib ki, ötən mövsüm təkcə Bakını əhatə edən proqram bu mövsüm miqyasını genişləndirib. Bu il iştirakçı məktəblərin sayı da artıb. Paytaxtdan 294 məktəbdən 63 min 504, bölgələrdən isə 112 məktəbdən 24 min 192 şagird proqrama qoşulub. Final mərhələsində hər idman növü üzrə 16 komanda mübarizə aparır. Ümumilikdə 80 komanda finaldadır. Voleybol, basketbol 3x3, badminton, atletika və velosiped idmanı üzrə yarışlardan ibarət proqram Bakı, Gəncə, Sumqayıt və Göygölü əhatə edir.

Final mərhələsində rayon və şəhərlərdən müvafiq idman növləri üzrə birinci yeri tutan komandalar mübarizə aparır. Paytaxtdan 60, bölgələrdən isə 20 komanda birincilik uğrunda yarışır.

İlk yarış günündə velosiped idmanı və atletika üzrə qaliblər müəyyənləşəcək.

Final mərhələsinə iyunun 5-də yekun vurulacaq.

Xəbər 1355 dəfə oxundu.