Azərbaycanın qadın voleybolçulardan ibarət komandası dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb
İyunun 3-də Bakı İdman Sarayında qadın voleybol komandaları arasında dünya çempionatının seçmə mərhələsində Hollandiya ilə qarşılaşan Azərbaycan millisi gərgin və maraqlı keçən qarşılaşmadan qalib ayrılıb.

Komandamız hər üç setdə inamlı oyun nümayiş etdirərək "quru" hesabla rəqibini məğlub edib. Matçın ilk hissəsində azarkeşlər gərgin oyunun şahidi olublar. Əzmkarlıq nümayiş etdirən voleybolçularımız 30:28 hesablı qələbəyə seviniblər. İkinci setdə də rəqibinə şans verməyən komandamız 25:22 hesabı ilə üstün olub. Üçüncü hissədə isə böyük hesabla (25:13) qalib gələn Azərbaycan yığması qrup lideri kimi dünya çempionatının final mərhələsinə yüksəlib. Hollandiya millisi isə play-off mərhələsində mübarizə aparacaq.

Xəbər 1143 dəfə oxundu.