Novruz şənliklərində dünya çempionatı həyəcanı
Novruz bayramı günlərində “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012”nin Yerli Təşkilat Komitəsi (YTK) futbol azarkeşlərini sevindirəcək. İdman.com.az saytının məlumatına görə, İçəri Şəhərdən Dənizkənarı Bulvara qədər olan ərazidə ənənəvi Novruz şənlikləri çərçivəsində keçirilən tədbirlər zamanı, YTK əməkdaşları tərəfindən şənlik iştirakçılarına qarşıdan gələn çempionata ümumi hazırlıq, onlayn bilet satışı, könüllülük imkanları haqda məlumat veriləcək.

Bu məqsədlə təbliğat stendi, oyun meydançası quraşdırılacaq. 19-21 mart tarixləri arasında hər kəs çempionatın rəsmi talismanı ilə şəkil çəkdirmək imkanı əldə edərək, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının oyunçularının topla məharətlərinin şahidi olacaqlar.

FIFA və YTK arzulayan hər kəsi bu möhtəşəm tədbirə, bu il 22 sentyabr-13 oktyabr tarixləri arasında 16 komandanın iştirakı ilə gerçəkləşdiriləcək FIFA U-17 qadınlararası dünya çempionatının məlumat stendini ziyarət etməyə və bu həyəcanı paylaşmağa dəvət edir. FIFA U -17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 Visa-nı tərcih edir.

Əvvəlki FIFA U-17 qadınlararası dünya çempionatları, eləcə də bilet satışı, yarışların cədvəli, artıq müsabiqədə iştirak üçün haqq qazanmış komandalar haqda əlavə məlumat üçün FIFA.com-a müraciət etmək olar.

Xəbər 1050 dəfə oxundu.