Rosaviasiya Konfederasiyalar Kuboku dövründə RF-nin hava məkanından istifadəni məhdudlaşdıracaq
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) FIFA Konfederasiyalar Kuboku turnirinin keçirilməsi dövründə Moskva, Sankt-Peterburq, Soçi və Kazan şəhərlərinin hava məkanından istifadəni müvəqqəti məhdudlaşdıracaq. Bu barədə məlumat Agentliyin saytında verilib.

Məlumatda deyilir: “Rusiyada FIFA Konfederasiyalar Kuboku turnirinin keçirilməsi ilə əlaqədar təhlükəsizliyin təmin olunması üçün 2017-ci il iyunun 1-dən iyulun 4-dək Moskva, Sankt-Peterburq, Soçi və Kazan şəhərləri rayonlarında hava məkanından istifadəyə müvəqqəti məhdudiyyətlər tətbiq edilir”.

Rosaviasiyadan bildiriblər ki, məhdudiyyətlər oyunların keçiriləcəyi stadionların 110 kilometr radiusunda hava məkanında tətbiq ediləcək və 8,1 min metr yüksəkliyə qədər şamil olunacaq. Həmin dövrdə məhdudiyyətlərin şamil olunduğu hava məkanından istifadə üzrə hər hansı fəaliyyət yalnız idman tədbirlərinin keçirildiyi dövrdə təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan regional idarələrarası operativ qərargahların icazəsi ilə həyata keçirilə bilər.

Məhdudiyyətlər mülki aviasiyanın hava gəmilərinin tranzit uçuşlarına, dövlət aviasiyasının uçuşlarına, xarici və yerli mülki hava gəmilərini qəbul edən aeroportların işinə şamil olunmayacaq.

Konfederasiyalar Kubokunun matçları iyunun 17-dən iyulun 2-dək Moskvada, Sankt-Peterburqda, Soçi və Kazanda keçiriləcək. Rusiya yığması “A” qrupunda Yeni Zelandiya (17 iyun, Sankt-Peterburq), Portuqaliya (21 iyun, Moskva) və Meksika (24 iyun, Kazan) komandaları ilə qarşılaşacaq. “B” qrupunda Almaniya, Çili, Kamerun və Avstraliya komandaları mübarizə aparacaqlar. Öz qruplarında birinci və ikinci yerləri tutan komandalar yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar.

Xəbər 602 dəfə oxundu.