28 May - Respublika Günü münasibətilə Naftalanda veloyürüş keçirilib
Naftalan şəhərində 28 May - Respublika Gününə həsr olunmuş veloyürüş keçirilib. Yürüş Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF), Naftalan Şəhər İcra Hakimiyyətinin, şəhər gənclər və idman idarəsinin, qadınlardan ibarət “Ladies on Bikes” həvəskar velosiped klubunun təşkilatçılığı ilə baş tutub.

Veloyürüşün açılış mərasimində çıxış edən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov və Federasiyanın baş katibi Fərhad Əliyev tədbirin əsas məqsədinin gənclərin velosiped idmanına marağının artırılması olduğunu qeyd ediblər.

Natiq Aslanov veloyürüşün Naftalan şəhərində təşkil edilməsinə görə Federasiya rəhbərliyinə təşəkkürünü bildirib.

Müxtəlif yaş qrupları üzrə yüzdən çox velosipedçinin qatıldığı yürüşə Heydər Əliyev Meydanından start verilib. Veloyürüşdə fərqlənən iştirakçılara Naftalan şəhər gənclər və idman idarəsinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının diplom və hədiyyələri təqdim edilib.

Xəbər 1482 dəfə oxundu.