“Coca-Cola məktəbli kuboku” turnirinə yekun vurulub
Mayın 26-da AFFA, Təhsil Nazirliyi və “Coca-Cola” şirkətinin birgə layihəsi olan futbol üzrə “Coca-Cola məktəbli kuboku” turnirinin final mərhələsinə yekun vurulub.


Final qarşılaşmasında Suraxanı rayonundakı 141 nömrəli məktəbin komandası ilə Qaradağ rayonundakı 106 nömrəli məktəbin komandası qarşılaşıb. Rəqibini 7:3 hesabı ilə məğlub edən 141 nömrəli məktəbin komandası “Coca-Cola məktəbli kuboku” turnirinin 2016/2017-ci il mövsümünün qalibi olub.
Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları təhsil nazirinin müavini, AFFA İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov, “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim ediblər.
Turnirin ən yaxşı oyunçusu Suraxanı rayonundakı 141 nömrəli məktəbin komandasının kapitanı Nicat Quliyev seçilib. Həmin məktəbin şagirdi Hüseyn Quliyev 11 qolla yarışın ən məhsuldar oyunçusu olub. “Fair-play” mükafatına isə Qaradağ rayonundakı 106 nömrəli məktəbin komandasının üzvü Ləman Həsənzadə layiq görülüb.
Liqanı üçüncü pillədə başa vurmuş Gəncə şəhərinin 24 nömrəli orta məktəbinin komandası, ikinci yeri tutmuş Qaradağ rayon 106 nömrəli məktəbin komandası və turnirin qalibi Suraxanı rayonu 141 nömrəli məktəbin komandası müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif ediliblər.
Çempion komandaya kuboku təhsil nazirinin müavini Firudin Qurbanov təqdim edib.

Xəbər 684 dəfə oxundu.