“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti “Ürəkdən ürəyə” şüarı altında növbəti xeyriyyə aksiyası keçirəcək
Formula-1 yarışının Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) ehtiyacı olanlara dəstək göstərmək məqsədilə Fəvvarələr meydanında “Ürəkdən ürəyə” şüarı altında növbəti dəfə xeyriyyə yarmarkası keçirəcək.


Mayın 27-də saat 14:00-dan 19:00-dək baş tutacaq yarmarkada şirkətin işçi heyətinin və Formula-1 Azərbaycan Qran-Prisi könüllülərinin əl işləri, müxtəlif mövzulara aid kitablar və BŞH-yə məxsus məhsullar satışa çıxarılacaq.
Yarmarka vasitəsilə yığılan vəsait ürək çatışmazlığından əziyyət çəkən 10 yaşlı Arzu Xankişiyevanın əməliyyatına sərf olunacaq. İkinci dəfə əməliyyat keçirəcək balaca Arzunun sağlamlığa qovuşması üçün ümumilikdə 15 min manata ehtiyac var. Xeyriyyə aksiyasına qoşulmaq istəyənlər nəğd şəkildə pul yardımı da göstərə bilərlər.
BŞH-nin İnsan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova yardımsevərləri xeyriyyə aksiyasına qoşulmağa dəvət edərək deyib: “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti olaraq belə xeyriyyə aksiyaları keçirərək həm birbaşa yardım kampaniyasında iştirak edir, həm də cəmiyyətin diqqətini köməyə ehtiyacı olanlara yönləndirməyə çalışırıq. Bu, bizim şirkətin başlıca dəyərlərindən biridir və biz hər fürsətdə bu işi fasiləsiz şəkildə davam etdirmək niyyətindəyik. Ehtiyac içərisində olanlara öz yardım əlini uzatmaq istəyən hər bir paytaxt sakinini bu xeyriyyə aksiyasına qoşulmağa dəvət edirəm. İnanırıq ki, bizim dəstəyimiz nəticəsində ürək çatışmazlığından əziyyət çəkən digər azyaşlı əzizlərimiz kimi Arzu da tezliklə öz sağlamlığına qovuşacaq”.
Qeyd edək ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin kollektivi ağır xəstəliyə düçar olmuş azyaşlılar üçün indiyədək bir sıra xeyriyyə yarmarkası keçirib. Əməliyyat Şirkəti toplanan vəsaiti anadangəlmə ürək çatışmazlığı olan iki körpənin əməliyyatlarına sərf edərək onların tezliklə sağlamlığa qovuşmasına öz töhfəsini verib.

Xəbər 1894 dəfə oxundu.