Formula-1 Azərbaycan Qran-prisi ilə əlaqədar hazırlıq işləri intensiv davam edir
Ölkəmizdə Formula-1 yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) iyunun 23-25-də keçiriləcək Azərbaycan Qran-prisi ilə əlaqədar hazırlıq işlərini intensiv davam etdirir.

Hazırda trekin ətrafında polad şəbəkələrlə ikinci qoruyucu hasarın quraşdırılması işləri görülür. Tikinti-quraşdırma işləri görülərkən şəhər sakinlərinin fasiləsiz hərəkətinin təmin olunmasına və ətrafdakı biznes-iaşə obyektlərinin işgüzar fəaliyyətinə maneçilik törədilməməsinə xüsusi diqqət göstərilir.

BŞH müvəqqəti narahatlığa görə şəhər sakinlərindən, o cümlədən trekətrafı ərazilərdə fəaliyyət göstərən sahibkarlardan üzr istəyir.

Əməliyyat Şirkəti ölkə ictimaiyyətinin nəzərinə çatdırır ki, ötən illə müqayisədə bu il Azərbaycanda keçiriləcək növbəti Formula-1 yarışına xaricdən daha çox maraq var və yarış ərəfəsində Bakıya minlərlə turistin gələcəyi gözlənilir. Təşkilatçılar Azərbaycan Qran-prisini izləməyə gələcək Formula-1 azarkeşlərini böyük qonaqpərvərliklə qarşılamağa hazırlaşırlar. Xaricdən gələn minlərlə turist ölkə iqtisadiyyatının bir çox sahəsinə birbaşa töhfə verəcək.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti möhtəşəm yarışa hazırlıq prosesində göstərdiyi anlayışa və dəstəyə görə şəhər sakinlərinə dərin minnətdarlığını bildirir.

Xəbər 615 dəfə oxundu.