"Mançester Yunayted" UEFA Avropa Liqasının çempionu olub
Mayın 24-də UEFA Avropa Liqasının 2016-2017-ci il mövsümünün final qarşılaşması keçirilib.

Stokholmdakı "Friends Arena"da keçirilən oyunda "Ayaks" komandasına 2:0 hesabı ilə qalib gələn "Mançester Yunayted" klubu UEFA Avropa Liqasının çempionu olub.

Matçın ilk hissəsində nisbətən üstün oyun nümayiş etdirən "qırmızı şeytanlar" 18-ci dəqiqədə hesabı açıblar. Mata, Raşford və Fellaninin gözəl kombinasiyasını mançesterlilərin dünyanın ən bahalı transfer müqaviləsi ilə heyətinə qatdıqları Pol Poqba dəqiq zərbə ilə tamamlayaraq adını tabloya yazdırıb - 1:0. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissənin əvvəlində - 47-ci dəqiqədə "Mançester Yunayted" hesab arasındakı fərqi iki topa çatdırıb.

Komandaların cəhdlərinə baxmayaraq, qalan dəqiqələrdə qapılara top vurulmayıb. Beləliklə, "Ayaks" komandasını 2:0 hesabı ilə məğlub edən Joze Mourinyonun yetirmələri UEFA Avropa Liqasının kubokunu başları üzərinə qaldırıblar.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının final görüşü iyunun 3-də Uelsin paytaxtı Kardifdə oynanılacaq.

Xəbər 668 dəfə oxundu.