“Bakı-2017”nin bağlanış mərasimində avtobuslarla 23 mindən çox sərnişin Olimpiya Stadionuna daşınıb
IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü avtobuslarla 23 min 164 sərnişin Bakı Olimpiya Stadionu ərazisinə daşınıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü üç ekspress xətt üzrə müəyyən olunmuş istiqamətlərdən (metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyaları yaxınlığındakı dayanacaqlardan) biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna, eləcə də mərasim bitdikdən sonra geri daşınması 02:00-dək Bakı Nəqliyyat Agentliyi tərəfindən təmin edilib. Plana əsasən nəzərdə tutulan nəqliyyat əməliyyatları üçün Bakı Olimpiya Stadionunun İctimai Nəqliyyat Terminalına ümumilikdə 433 nəqliyyat vasitəsi cəlb olunub. 36 avtobus isə ehtiyat olaraq hazır vəziyyətdə saxlanılıb.

M.Ağayevin sözlərinə görə, saat 09:00-dan saat 12:00-dək ekspress xətt üzrə hərəkət edəcək avtobuslar texniki müayinədən keçirilərək Bakı Olimpiya Stadionunun İctimai Nəqliyyat Terminalına toplanıb və sürücülərin tibbi müayinədən keçirilməsi yerinə yetirilib. Nəticədə 7 nəfər sürücü yüksək təzyiqi səbəbindən xətdən kənarlaşdırılıb.

“Bağlanış mərasimi zamanı 23 min 164 sərnişin stadion ərazisinə, mərasim bitdikdən sonra isə 22 min 651 sərnişin stadiondan təyin olunmuş məntəqələrə daşınıb. X1 xətti üzrə 137 avtobus ilə 9138 sərnişin gətirilib, 103 avtobus ilə 7092 sərnişin aparılıb. Eyni zamanda X2 xətti üzrə 157 avtobus ilə 9240 sərnişin stadiona ərazisinə, 160 avtobus ilə 9467 sərnişin isə stadion ərazisindən gətirilib. X3 xətti üzrə isə 125 avtobus ilə 4386 sərnişin stadiona daşınıb, 107 avtobus ilə 5692 sərnişin stadiondan aparılıb. Əlavə olaraq 11 avtobus ilə 400 nəfər Polis Akademiyasının müdavimi daşınıb”, - deyə M.Ağayev vurğulayıb.

M.Ağayev qeyd edib ki, ekspress xətt avtobusları ilə müəyyən edilən dayanacaqlara daşınan sərnişinlərin müxtəlif istiqamətlərdə rahat gedişini təmin etmək məqsədilə bütün marşrut xətləri üzrə sərnişin avtobuslarının gecə saat 02:30-dək fəaliyyət göstərməsi təmin edilib. Bununla yanaşı metronun “Həzi Aslanov” stansiyası yaxınlığında bir nəfər könüllü BNA əməkdaşları tərəfindən minik avtomobili ilə Buzovna qəsəbəsinə yola salınıb. Ekspress xətt avtobuslarından istifadə edən sərnişinlərdən biri mobil telefonunu (sonradan aparılan araşdırma nəticəsində onun İran İslam Respublikasının vətəndaşı olduğu müəyyən edilib) digər biri isə içərisində pulqabı, iki ədəd mobil telefon və şəxsi əşyaları olan əl çantasını unudub. Qeyd edilən əşyaların Bakı Nəqliyyat Agentliyi tərəfindən sahiblərinə verilməsi təmin edilib.

Xəbər 2131 dəfə oxundu.