“Bakı-2017”: Qadın idmançılarımız gümüş, kişi atletlərimiz isə bürünc medal qazanıblar
Mayın 22-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qadınlar və kişilər arasında stolüstü tennis üzrə komanda yarışlarının final görüşləri keçirilib.

Qadınların yarışında İslamiadanın qızıl medalı uğrunda mübarizədə Azərbaycan və İran komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda İran millisi 3:1 hesabı ilə qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub.

Mayın 21-də keçirilən üçüncü yer uğrunda görüş isə Türkiyə idmançıları Pakistan təmsilçilərinə qalib gəliblər – 3:0

Kişi komandaların yarışında da final oyununda İran yığması qalib gəlib. Türkiyə millisi ilə görüşdə 3:1 hesabı ilə qələbə qazanan İran tennisçiləri IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Bürünc medal uğrunda görüş isə mayın 21-də baş tutub. Azərbaycanın kişilərdən ibarət milli komandası Səudiyyə Ərəbistanı təmsilçilərinə 3:1 hesabı ilə qalib gələrək üçüncü yeri tutub.

Beləliklə, İslamiadanın stolüstü tennis yarışlarında qadın idmançılarımız gümüş, kişi atletlərimiz isə bürünc medal qazanıblar.

Xəbər 1920 dəfə oxundu.