Sadıq Sadıqov: “Nikolov çox söz danışa bilər” - MÜSAHİBƏ
“Neftçi” klubunun prezidenti Sadıq Sadıqov apasport.az-a müsahibə verib. İdman.com.az saytının məlumatına görə, həmkarımızla söhbətdə o, “İnter”li həmkarının ölkə mətbuatında “ağ-qaralar”ın ünvanına səsləndirdiyi fikrə münasibət bildirib, rəhbəri olduğu komandanın çempionluq imkanını dəyərləndirib.

- Premyer Liqanın XXIV turunda qarşılaşacağınız “İnter” klubunun prezidenti Georgi Nikolov matçla bağlı maraqlı fikir səsləndirib. O, komandanızı “İnter”in abunəçisi olduğunu və hər oyunda 3 xal verdiyini deyib...
- Nikolov çox söz danışa bilər. Futbolda 1 komanda qalib gəlirsə, digəri məğlub olur.

- Cari mövsüm “İnter”dən xal ala bilməmisiniz. Nikolov da məhz hər 2 oyunda uduzmağınızı nəzərdə tutur...
- “İnter”lə ikinci qarşılaşma yadınızdadırsa, biz həmin oyunu onlara hədiyyə etdik. Həmin matçın 1-ci hissəsindən sonra 1:0 hesabı ilə öndə idik. İkinci hissənin əvvəlində Bahadır Nəsimov penaltini vura bilmədi. Bundan sonra futbolçularımız ruhdan düşdülər.

- Martın 18-də mövsümdə 3-cü dəfə “İnter”lə qarşılaşacaqsınız. Bu dəfə matçdan nə gözləyirsiniz?
- Son 2 oyunda uduzmağımız o demək deyil ki, “İnter” bizə asan şəkildə qalib gələcək. Yox, belə deyil. Komanda qələbəyə köklənib. Biz bu matça çempionluq oyunu kimi baxırıq.

- Çempionluq matçı haqda nə düşünürsünüz?
- Komanda həmin gün sözünü öz oyunu ilə deyəcək. Kimin güclü olduğu oyunda görəcəyik.

- Belçika yığmasının sabiq futbolçusu Emil Mpenza artıq neçə vaxtdır müqavilə ilə məxsus olduğu “Neftçi”nin düşərgəsini tərk edib...
- Mpenza komandamızın Türkiyənin Antalya şəhərindəki toplanışı zamanı düşərgəni tərk etmişdi. Bundan sonra rəhbərlikdən onunla əlaqə saxlanıldı.

- Klub prezidenti kimi onunla danışmısınız?
- Şəxsən mənim Emillə əlaqəm olmayıb.

- Bəs telefon danışıqlarının nəticəsi necə oldu?
- Telefon danışıqlarından sonra Mpenzanın “Neftçi”də qalıb-qalmayacağı müzakirə edildi. Dedi ki, 1 günə, 5 günə gəlirəm. Ancaq vaxtında gəlib çıxmadı.

- Bundan sonra nə etmək niyyətindəsiniz?
- FİFA-ya müraciətimiz oldu. Həmin quruma bütün sənədləri təqdim etmişik. Qərarı FİFA verəcək. Yəqin ki, qərar xeyrimizə olacaq.

Xəbər 1018 dəfə oxundu.