Taekvandoçumuz Milad Beigi Hərçəqani IV İslam Həmrəyliyi Oyunlarının çempionudur
Çempion idmançımıza qızıl medalı Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib

İslamiadada kişilər arasında taekvando yarışında 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Milad Beigi Hərçəqani finalda türkiyəli Yunus Sarını 9:5 hesabı ilə məğlub edərək çempion adını qazanıb. Bu, taekvando millimizin İslamiadada dördüncü qızıl medalı olub.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Milad Beigi Hərçəqani ilk görüşündə Səudiyyə Ərəbistanı təmsilçisi Maced Almabruka 21:2 hesabı ilə qalib gəlib. O, final uğrunda görüşdə iranlı Əlireza Dərvişpuru 24:4 hesabı ilə məğlubiyyətə uğradıb.

Bu çəki dərəcəsində bürünc medallara iranlı Əlireza Dərvişpur və özbəkistanlı Maksim Rafaloviç layiq görülüblər.

Qaliblərə medalları dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Karyerası ərzində bir çox nailiyyətlər əldə edən XXXI Yay Olimpiya Oyunlarının bürünc medalçısı Azərbaycan taekvando yığmasının heyətinə 2015-ci ilin əvvəllərində cəlb olunub. “Bakı-2015”də fəxri kürsünün ən yüksək pilləsinə qalxan M.B.Hərçəqani ötən il İsveçrədə keçirilən taekvondo üzrə böyüklər arasında Avropa çempionatında qızıl medal qazanıb.

Ötən ilin yanvarında İstanbulda Avropa Olimpiya təsnifat turnirində birinci yeri tutan idmançımız Rio Olimpiadasına lisenziyanı təmin etmişdi. Ötən ilin dekabrında isə o, Bakıda keçirilən beynəlxalq Qran-Pri yarışında fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Atletimiz kişilərdən ibarət Azərbaycan millisinin heyətində komandalararası dünya birinciliyini qələbə ilə başa vurub. O, həmçinin Antalyada keçirilən klublararası Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Dünya Taekvando Federasiyasının Olimpiya və dünya reytinq siyahılarında Milad Beigi Hərçəqani ilk üç pillədə yer alır.

Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli Sərəncamına əsasən, Milad Beigi Hərçeqani birinci Avropa Oyunlarında qazandığı yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

Xəbər 555 dəfə oxundu.