Kişi tennisçilərin səkkizdəbir finala növbəti vəsiqəni Uqanda, Özbəkistan və Benin atletləri təmin ediblər
Mayın 16-da İslamiadanın tennis yarışlarının yeddinci günündə kişilər arasında fərdi mübarizənin səkkizdəbir final mərhələsinə daha üç vəsiqənin sahibi məlum olub.

Uqanda təmsilçisi Dunkan Muqabe 1/16 final mərhələsində qələbə qazanaraq səkkizdəbir finala yüksəlib. Pakistanlı Aqil Xan ilə görüşdə ilk set uqandalı idmançının xeyrinə başa çatıb – 6:3. Növbəti setdə Pakistan atleti üstün olub – 2:6. Gərgin idman mübarizəsi şəraitində keçən üçüncü setdə 7:6 hesabı ilə qalib gələn D.Muqabe səkkizdəbir finala vəsiqəni təmin edib.

Digər görüşdə isə Özbəkistan tennisçisi Saidalo Səidkərimov Mozambik təmsilçisi Cossefa Simao Elias ilə üz-üzə gəlib. Qarşılaşmada qalib gələn (6:1, 6:0) Özbəkistan idmançısı növbəti mərhələyə adlayıb.

Səkkizdəbir final mərhələsinə yüksələn növbəti idmançı Benin təmsilçisi Maqloire Yakpa olub. O, səkkizdəbir finala vəsiqəni Qətər idmançısı Abdulla Alharras üzərində inamlı qələbə (6:3 və 6:2) qazanaraq təmin edib. M.Yakpa səkkizdəbir finalda uqandalı Dunkan Muqabe ilə görüşəcək.

Xatırladaq ki, fərdi yarışda ölkəmizi təmsil edən Rəsul Qocayev və Filip Nikoliç ötən gün məğlub olaraq mübarizəni dayandırıblar.

Xəbər 546 dəfə oxundu.