5-ci Beynəlxalq “Prezident kuboku-2012” reqatası keçiriləcək
Martın 29-da Mingəçevir şəhərindəki “Kür” Olimpiya Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq “Prezident kuboku-2012” reqatası start götürəcək. İdman.com.az saytının məlumatına görə, aprelin 1-dək davam edəcək yarışa 5 ölkə qatılacaq.

Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan və Türkiyənin üst-üstə 150-dək kişi və qadın idmançısı 23 yaşadək və yuxarı, 1994–1995 və 1996–1997-ci il təvəllüdlülərdən ibarət yaş kateqoriyalarında mübarizə aparacaqlar. Ölkəmiz hər üç növ üzrə, Gürcüstan akademik avarçəkmə və kayak, Rusiya və Ukrayna akademik avarçəkmə, Türkiyə isə kayak növündə təmsil olunacaq.

Akademik avarçəkənlər 1-nəfərlik, 2-nəfərlik qoşa avarlı, 2-nəfərlik təkavarlı, 4-nəfərlik qoşa avarlı və 4-nəfərlik təkavarlı qayıqlarla mübarizə aparacaqlar. Onlardan 1996-1997-ci il təvəllüdlülər 1500 metr, 1994-1995, 23 yaşadək və yuxarı təvəllüdlülər 2000 metr məsafəyə yürüş edəcəklər. Bu növ üzrə yarışlar Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının (FİSA) qaydalarına uyğun təşkil ediləcək. Hər bir idmançıya yalnız 2 növ qayıqda iştirak üçün icazə veriləcək.

Kanoe və kayak qayıqlarında avarçəkənlər isə 200 metr, 500 metr, 1000 metr və 5000 metr məsafələrə yürüş edəcəklər. Kayakçılar 1-nəfərlik, 2-nəfərlik və 4-nəfərlik, kanoeçilər isə 1- nəfərlik və 2-nəfərlik qayıqla mübarizə aparacaqlar. Bu növlərdə hər bir idmançıya maksimum 3 qayıqla iştirak icazəsi veriləcək. Onlar Beynəlxalq Kanoe Federasiyasının (İCF) qaydalarına uyğun yarışacaqlar.

Beynəlxalq “Prezident kuboku-2012” reqatasını Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli Avarçəkmə Federasiyası birgə təşkil ecəcək. Bütün mükafatçılar nazirliklə federasiyanın diplom və medalları ilə təltif olunacaqlar.

Qeyd edək ki, Beynəlxalq Prezident Kuboku reqatası ilk dəfə 2008-ci il martın sonlarında keçirilib. Həmin yarışı izləyənlər arasında İCF-in o vaxtkı prezidenti Ulrix Feldhoff da olub. Ötən il təşkil olunmuş reqataya isə fəxri qonaqlar qismində İCF-in hazırkı prezidenti Xose Perurena Lopes və Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Albert Vuds da qatılıb.

Xəbər 1264 dəfə oxundu.