Azad Rəhimov: Azərbaycan millisi yüksək nailiyyət əldə edərək 41 qızıl medal qazanıb
Azərbaycan milli komandası IV İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edir. Oyunlara maraq çox böyükdür. Arenalarda yarışları yüzlərlə tamaşaçı izləyir. Milli komandamız yüksək nailiyyət əldə edərək 41 qızıl medal qazanıb.

Bu sözləri Azərbaycanın gənclər və idman naziri, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov mayın 17-də Oyunlarla bağlı keçirilən mətbuat konfransında deyib.

İslamiadanın beşinci günündə komandamızın artıq 81 medala sahib olduğunu bildirən Azad Rəhimov daha 27 ölkənin medal qazandığını diqqətə çatdırıb. Oyunlarda gərgin mübarizənin aparıldığını söyləyən gənclər və idman naziri atletlərə artıq 131 medal dəstinin təqdim edildiyini vurğulayaraq deyib: “Medal sıralamasında ilk iki yeri Türkiyə və Azərbaycan bölüşür. Müxtəlif idman növlərində yarışlar davam edir. Yeddi boksçumuz artıq yarımfinaldadır. Bu, əlavə 7 medal deməkdir. Voleybol üzrə kişilərdən ibarət yığma komandamız Türkmənistan ilə qarşılaşır. Taekvandoda 4 idmançi mübarizə aparacaq. Bu gündən yunan-Roma güləşi üzrə yarışlar başlayır və dörd idmançımız mübarizəyə qoşulub. Ağır atletikada isə iki idmançımız çıxış edir”.

Yerli və əcnəbi tamaşaçıların möhtəşəm açılış mərasiminə heyran qaldıqlarını söyləyən Azad Rəhimov məhz bu mərasim ilə bağlı dünya mediasında çoxlu sayda məqalələrin yerləşdirildiyini vurğulayıb: “İtaliyanın eləcə də digər ölkələrin mətbuatında açılış mərasimi ilə bağlı silsilə məqalələr dərc edilib. Açılış mərasimi həqiqətən də İslam mədəniyyətinin, elminin təntənəsi idi. Gözəl şou hər kəsi heyran etdi. Oyunların gedişi, yüksək ab-hava, zallarda olan gözəllik, idmançıların əhval-ruhiyyəsi daha böyük nailiyyətlər əldə edəcəyimizdən xəbər verir”.

IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı Anastasiya İbrahimli ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Azərbaycan bayrağını doğma divarlar arasında qaldırmağın unudulmaz hiss olduğunu deyən A.İbrahimli bütün azarkeşlərə, idmansevərlərə təşəkkür edərək bildirib: “Tamaşaçıların dəstəyi mənə əlavə stimul verdi. Məşqçilərimə hədsiz minnətdaram. Biz çətinlikləri ram etdik. Digər mükafatçıları təbrik edir, qarşıdakı yarışlarda idmançılarımıza qızıl medallar arzulayıram. Oyunlarda çıxış etmək bizim üçün şərəfdir. Bu yarışlar mənim üçün çox əhəmiyyətli oldu. İslam Həmrəyliyi Oyunlarının qalibi olduğum üçün çox sevinirəm”.

Sonda jurnalistlərin sualları cavablandırılıb.


Xəbər 623 dəfə oxundu.