Ağır atletika yarışının dördüncü günündə ilk çempionluq sevincini Misir təmsilçisi yaşayıb
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışlarının dördüncü günündə -mayın 16-da 77 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində misirli atlet Mahmoud Mohamed qızıl medal qazanıb.

O, birdən qaldırmada 158, təkanla qaldırmada isə 190 kiloqram nəticə göstərib. Ümumilikdə 348 kiloqramı başı üzərinə qaldıran atlet çempionluğunu rəsmiləşdirib.

Gümüş medalın sahibi isə iraqlı Ahmad Faro Al Huseyn olub. O, 320 kiloqram (141+179 kq) nəticə ilə ikinci yeri tutub.

Bürünc medala isə türkiyəli atlet Cəlil Erdoğdu layiq görülüb. Türkiyə təmsilçisi 319 kiloqram (146+173 kq) nəticə göstərib.

Azərbaycan idmançısı Əfqan Bayramov 297 kiloqram (132+165 kq) nəticə ilə yarışı doqquzuncu sırada başa vurub.

Qaliblərin mükafatlandırılması mərasimində medalları idmançılara ABŞ-ın Ağır Atletika Federasiyasının prezidenti Ursula Papandrea təqdim edib.

Xəbər 614 dəfə oxundu.