Azərbaycanın iki boksçusu IV İslam Həmrəyliyi Oyunlarının ən azı bürünc medalını təmin edib
IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarının üçüncü günündə - mayın 14-də rinqə çıxan hər üç boksçumuz qələbə qazanıb.

Yarışa dörddəbir finaldan başlayan Cavid Çələbiyevin (60 kq) rəqibi türkiyəli Hakan Doğan olub. Dünya çempionumuz türkiyəli rəqibini 5:0 hesabı ilə məğlub edib. Bununla da 25 yaşlı idmançımız ən azı bürünc medalı təmin edib. Bu, boks yığmamızın təmin etdiyi ilk medaldır. Cavid Çələbiyev mayın 17-də baş tutacaq yarımfinalda qazaxıstanlı Sultan Zaurbəy ilə döyüşəcək.

Tamerlan Abdullayev (69 kq) mübarizəyə səkkizdəbir finaldan başlayıb. O, türkmənistanlı Muhemmetmirat Sahedova 5:0 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlib. Boksçumuz bu mərhələdə qətərli Tulasimaraam Tarumalinqam ilə üz-üzə gələcək. Döyüş mayın 15-də keçiriləcək.

London Olimpiadasının bürünc, birinci Avropa Oyunlarının qızıl medalçısı Teymur Məmmədov (91 kq) isə mübarizəyə dörddəbir finaldan start verib. O, yarımfinala gedən yolda Özbəkistan boksçusu Sardorbek Beqaliyevdən üstün olub – 5:0. Beləliklə, T.Məmmədov ən azı bürünc medalı təmin edib. Boksçumuz yarımfinal döyüşünü mayın 17-də keçirəcək. Onun rəqibi isə Eldin Qoussun (Suriya) olacaq.

IV İslam Həmrəyliyi Oyunlarının boks yarışları mayın 18-də başa çatacaq.

Xəbər 712 dəfə oxundu.