”Xəzər Lənkəran” Yunis Hüseynova tapşırıldı
“Xəzər Lənkəran” Futbol Klubu yeni baş məşqçi ilə anlaşıb. Bu vəzifəyə Vətənimizin əfsanəvi futbolçusu və təcrübəli PRO kateqoriyalı mütəxəssis Yunis Hüseynov təyin olunub. Onunla bu gün “Xəzər Lənkəran” FK-nın ofisində 2 illik müqavilə imzalanıb.

Yunis Hüseynov 1965-ci ildə Gəncədə anadan olub. O, futbolçu karyerasını yerli “Kəpəz”də başlayıb, daha sonra 1984-cü ildən Bakının “Neftçi” klubunda çıxış edib. Bununla birgə 1993-1998-ci illərdə Azərbaycan milli yığmasının da üzvü olub. 1998-ci ildə o, yenidən “Kəpəz” klubuna keçib və bu komanda ilə Çempionlar Liqasının təsnifat mərhələsində və Avrokubokda oynayıb.

Qeyd etmək lazımdır ki, Yunis Hüseynov hücumçu mövqeyində oynayıb və futbolçu karyerası ərzində 2 dəfə (1994 və 1998 illərdə) ölkəmizin ən yaxşı futbolçusu adına layiq görülüb. O, “Neftçi”nin heyətində 1992 və 1996-cı illərdə ölkə çempionu, 1997-ci ildə gümüş, 1995 və 1999-cu illərdə isə bürünc mükafatçısı titullarının sahibidir. Həmçinin Hüseynov 1995, 1996 və 1999-cu illərdə Azərbaycan Kubokunun qalibi olub.

Futbolçu karyerası ərzində Hüseynov 66 dəfə rəqib qapısına yol tapıb, onun adı Azərbaycan Premyer Liqasının ən yaxşı bombardirlər siyahısında 23-cü yerdə qərarlaşıb.

Məşqçi karyerasını Yunis Hüseynov Yevlaxın “Karvan” klubunda başlayıb. Məhz onun rəhbərliyi altında adı çəkilən komanda 2004/05 və 2005/06 mövsümlarında Azərbaycan çempionatının bürünc və gümüş mükafatçısı olub. 2006-cı ildə Avrokuboklara vəsiqə qazanan “Karvan” hətta Slovakiyanın “Spartak” (Tırnava) komandasına qalib gələrək mərhələ adlamışdı.

2007-ci ildə Yunis Hüseynov Bakının “Standard” klubunun sükanı arxasına keçdi, ancaq birazdan yenidən “Karvan”a döndü və bu klubdan 2008/09 mövsümün axırında ayrıldı. Həmin vaxtdan heç yerdə rəsmi işləməyib.


“Xəzər Lənkəran” Futbol Klubunun rəsmi saytı

Xəbər 1067 dəfə oxundu.