Rəfael Ağayev İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalın sevincini yaşadı
Azərbaycan karateçiləri “Bakı-2017”də ikinci qızıl medalı qazanıblar.

Kişilərin kumite yarışının 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəfael Ağayev finalda Pakistan təmsilçisi Qulam Abbası 4:0 hesabı ilə məğlub edərək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Rəfael Ağayev səkkizdəbir finalda Türkiyə təmsilçisi Erman Eltemur üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanıb. Karateçimiz dörddəbir finalda Səudiyyə Ərəbistanı idmançısı Sultan Əl Zəhranini 7:2 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb. R.Ağayev yarımfinalda Malayziya təmsilçisi Şarmendran Ragonathanı 5:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Türkiyəli Erman Eltemur və özbəkistanlı Dastonbek Otabolaev bu çəki dərəcəsində bürünc medallara sahib olublar.

Sonra mükafatlandırma mərasimi oldu.

Dövlətimizin başçısı İlham Əliyev qaliblərə medalları təqdim etdi.

IV İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı Rəfael Ağayevin şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, dövlət bayrağı qaldırıldı.

Karate ilə məşğul olmağa yeddi yaşında başlayan Rəfael Ağayev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. O, beşqat dünya, onqat Avropa çempionudur. R.Ağayev 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarının qızıl medalına yiyələnib. O, Dünya Oyunlarının birincisi, eləcə də Primer Liqaların (WKF) beşqat qalibi olub. Bu, Rəfael Ağayevin İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalıdır.

Xəbər 532 dəfə oxundu.