“Bakı-2017”nin rəmzləri – “İncə” və “Cəsur” IV İslam Həmrəyliyi Oyunlarının tamaşaçıları arasında
Bakı Olimpiya Stadionuna tamaşaçıların axını müşahidə olunur. Arenada onları IV İslam Həmrəyliyi Oyunlarının rəmzləri – “İncə” və “Cəsur” mehribanlıqla salamlayırlar. Rəmzlər tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanır, paytaxt sakinləri və şəhərimizin qonaqları “İncə” və “Cəsur” ilə xatirə şəkilləri çəkdirirlər.

Azərbaycanın milli sərvəti, dünyanın bir çox ölkələrində gözəllikləri ilə göz oxşayan Qarabağ atları IV İslam Həmrəyliyi Oyunlarının talismanı kimi nümayiş olunur.

İncəliyi və cəsurluğu özündə xarakterizə edən Qarabağ atları Oyunların bundan sonrakı təbliğatında əhəmiyyətli rol oynamaqla yanaşı, eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarının simaları olacaqlar. “İncə” isə zəriflik və gözəllik nümunəsi olmaqla incəliyi və məlahəti əks etdirir. “İncə” adət-ənənələri və milli dəyərləri təmsil edir.

Məharətli, mərd və məqsədyönlü “Cəsur” isə digər Qarabağ atları kimi özünə əminliyi və sərbəstliyi ilə seçilir. Məqsədinə nail olmaq üçün heç bir çətinlikdən qorxmayan, iradəli və əzmkar olan “Cəsur” mehribanlığı, hər kəsə olan sevgi və diqqəti ilə tanınır.

Xəbər 550 dəfə oxundu.