“Bakı-2017”: Azərbaycanın qadın həndbolçuları yarımfinala vəsiqə qazanıblar
Mayın 11-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarının qrup mərhələsinə yekun vurulub.

Əvvəlcə kişilər arasında "B" qrupu çərçivəsində görüşlər keçirilib. Mərakeş yığması ilə qarşılaşan İraq millisi 25:22 hesabı ilə qalib gələrək adını yarımfinala yazdırıb.

Qrupun digər oyununda isə İordaniya və Türkiyə yığmaları üz-üzə gəliblər. Matçın favoriti olan türkiyəli həndbolçular 26:21 hesabı ilə rəqiblərini məğlub edərək yarımfinala yüksəliblər.

Kişilər arasında “A” qrupunun ilk oyununda Səudiyyə Ərəbistanı Pakistandan üstün olub - 35:26. Ardıcıl üç qələbə qazanan Səudiyyə Ərəbistanı qrup lideri kimi növbəti mərhələyə vəsiqəni təmin edib. Digər oyunda isə Azərbaycan millisini 35:22 hesabı ilə məğlub edən Əlcəzair komandası sonuncu yarımfinalçı olub.

Qadınlar arasında günün ilk matçında Özbəkistan ilə qarşılaşan Kamerun kollektivi rəqibini böyük hesabla məğlub edib - 41:25.

Qrup mərhələsinin mərkəzi oyunu Azərbaycan və Türkiyə milliləri arasında oynanılıb. Matç həndbolçularımızın 27:22 hesablı qələbəsi ilə yekunlaşıb.

Mayın 12-də kişilər arasında təsəlliverici görüşlərdə Pakistan-İordaniya, Azərbaycan-Mərakeş matçları oynanılacaq. Yarımfinal qarşılaşmaları isə mayın 13-də keçiriləcək.

Xəbər 565 dəfə oxundu.