Azad Rəhimov: “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları idman tarixində silinməz iz qoyacaq | |
Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi olduqca mühüm hadisədir. Ölkəmizdə mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verir. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları idman tarixində silinməz iz qoyacaq. Bu sözləri Azərbaycanın gənclər və idman naziri, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov mayın 11-də Oyunlarla bağlı keçirilən mətbuat konfransında deyib. Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsindən qürur hissi keçirdiyini bildirən Azad Rəhimov növbəti 11 gün ərzində 50-dən çox ölkənin idmançılarının Azərbaycana gələrək yarışlarda medallar uğrunda mübarizə aparacaqlarını diqqətə çatdıraraq deyib: “Dünyanın dörd qitəsindən gələn idmançılar mübarizliyi, əzmkarlığı, böyük sevinci nümayiş etdirəcəklər. Əfsuslar olsun ki, bəzi ölkələr – Sudan, Liviya və Küveyt Oyunlarda iştirak etməyəcək”. Üç minə yaxın idmançının Bakıda əsrarəngiz Oyunlarda iştirak edəcəyini söyləyən gənclər və idman naziri Azərbaycanın Oyunlara tam hazır olduğunu vurğulayıb: “Atletlər kəndi idmançıların bütün ehtiyaclarına tam cavab verir. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları 1,3 milyarddan çox tamaşaçı auditoriyasını əhatə edəcək. Oyunlar sülhü, mədəniyyəti, birliyi təbliğ edəcək”. İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) baş katibi Faysal Abdulaziz Əl-Nassar çıxış edərək ev sahibi Azərbaycanın Oyunların təşkilinə, eləcə də açılış mərasiminə mükəmməl hazırlaşdığını deyib. Yarışların keçiriləcəyi idman arenalarında yüksək şəraitin yaradıldığını vurğulayan Faysal Abdulaziz Əl-Nassar Oyunların xalqlar arasında həmrəylik əlaqələrini, dostluq münasibətlərini tərənnüm etdiyini bildirib. Oyunların keçirilməsi üçün göstərdiyi qətiyyətli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirən Faysal Abdulaziz Əl-Nassar “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə görülən yüksək səviyyəli işlərin əhəmiyyətini xüsusi vurğulayıb. Azərbaycan Milli Olimpiya Komitəsinin və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə milli komandamızın bu mötəbər yarışlara hazırlığından danışaraq ölkəmizin Oyunlarda güclü heyətlə təmsil olunacağını bildirib. Təşkilati işlərin yüksək səviyyədə həll olunduğunu qeyd edən Çingiz Hüseynzadə deyib: “Azarkeşlər mükəmməl arenalarda maraqlı idman mübarizəsinin şahidi olacaqlar. Federasiyalar atletlər üçün hər cür şəraiti təmin ediblər. Bu, böyük uğurdur. Artıq Oyunların yarışları başlayıb. İlk nəticələr sevindiricidir”. Sonra jurnalistlərin sualları cavablandırılıb. |
|
Xəbər 1193 dəfə oxundu. |
|
|