FIFA meqaçempionat üçün qaydaları təsdiqləyib
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) İcraiyyə Şurası dünya futbol tarixində ilk dəfə 48 yığma komandanın iştirak edəcəyi meqaçempionatın qaydalarını təsdiqləyib. Bəhreyndə keçirilən iclasda bütün konfederasiyaları razı salan ortaq qərar qəbul edilsə də, XXL formatındakı dünya çempionatının hansı ölkədə baş tutacağı hələ məlum deyil.

2026-cı il üçün planlaşdırılan geniş tərkibli dünya birinciliyində Avropa üçün ayrılmış yerlərin sayı 13-dən 16-ya, Şimali və Mərkəzi Amerika üçün 3,5-dən 6-ya, Cənubi Amerika üçün 4,5-dən 6-ya, Afrika üçün 5-dən 9-a, Asiya üçün 4,5-dən 8-ə, Okeaniya üçün isə 0,1-dən 1-ə qaldırılıb.
Qeyd edək ki, 1930-cu ildə keçirilən ilk dünya çempionatında planetin 13 ölkəsinin yığma komandası iştirak edib. 1950-ci illərdə bu rəqəm 16-ya, 1982-ci ildə 24-ə, 1998-ci ildə isə 32-yə qaldırılıb. Meqaçempionatda keçiriləcək oyunların sayı kifayət qədər çox olacaq. Belə ki, futbol azarkeşləri planetin ən böyük idman tədbiri çərçivəsində 80 matç izləyə biləcəklər.

Yaxın üç ay ərzində geniş tərkibli dünya çempionatına ev sahibliyi etmək üçün namizədlik ərizələrinə baxılacaq. Ekspertlərin fikrincə, ABŞ-Kanada-Meksika üçlüyünün ilk meqaçempionata ev sahibliyi etmək şansları daha yüksəkdir.

AZƏRTAC

Xəbər 723 dəfə oxundu.