AvtoRadio İslam Həmrəyliyi Oyunları ilə bağlı gücləndirilmiş iş rejimində çalışır
IV İslam Həmrəyliyi Oyunları zamanı nəqliyyat sisteminə aid bütün məlumatlandırma işləri Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçiriləcək.

Bununla əlaqədar olaraq Oyunlardan əvvəl və Oyunlar zamanı ictimai nəqliyyatın iş rejimi ilə bağlı məlumatlar, avtobus marşrutlarındakı dəyişikliklər, bağlanan yollar və Oyunlarla bağlı bütün nəqliyyat tədbirləri haqqında, o cümlədən “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının xüsusi hərəkət zolaqları ilə bağlı ən son rəsmi məlumatları əldə etmək üçün Bakı Nəqliyyat Agentliyinin rəsmi informasiya mənbələrinə (Bakı Nəqliyyat Agentliyinin bna.az internet səhifəsi, Bakı Nəqliyyat Agentliyinin facebook səhifəsi, Mətbuat Xidməti), eləcə də “Bakı -2017” internet səhifəsinə (www.baku2017.com) müraciət etmək olar.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, Oyunlarla bağlı bütün nəqliyyat tədbirləri haqqında ən son məlumatların operativ çatdırılması məqsədilə Bakı Nəqliyyat Agentliyinin nəzdində fəaliyyət göstərən AvtoRadio (107.7 fm) gücləndirilmiş iş rejimində çalışır. Belə ki, radionun proqramına da dəyişiklik edilib. “Dinləki biləSƏN” devizi altında hər gün saat 12:00-dan 13:00-a kimi oyunlarla bağlı xüsusi verilişin yayımlanması nəzərdə tutulub. Həmçinin gecə yarısına kimi yollardakı ən son vəziyyəti də dinləyicilərə, Oyunları izləməyə gedən şəxslərə çatdırılacaq.

Məlumatlandırma ilə yanaşı Bakı Nəqliyyat Agentliyi IV İslam Həmrəyliyi Oyunları zamanı prioritet hesab etdiyi missiyasına uyğun olaraq yol hərəkəti təhlükəsizliyi məsələləri barədə ictimai məlumatlılığı artırmaq, sürücüləri və piyadaları təhlükəsizlik qaydaları haqqında təlimatlandırmaq üçün maarifləndirmə kampaniyası da həyata keçirəcək.

Məlumatlandırma və maarifləndirmə tədbirləri dayanacaqlardakı Avtobus İnformasiya Terminalları , VMS (elektron informasiya terminalı) və stasionar bannerlər vasitəsiilə, eləcə də avtobusların audio və video vasitələri ilə də həyata keçiriləcək.

Xəbər 611 dəfə oxundu.