IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə boulinq yarışı təşkil olunub
“Aygün City”də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə boulinq yarışması və konsert proqramı təşkil olunub.

Yarışda nazirliyin əməkdaşları, jurnalistlər, idmançılar və estrada ulduzları iştirak ediblər.

İdman tədbirlərinin təşkilatçısı Bəhruz Səmədov çıxış edərək bildirib ki, belə mötəbər yarışın paytaxtımızda təşkili irimiqyaslı idman tədbirlərinin keçirilməsində Azərbaycanın malik olduğu potensial imkanları nümayiş etdirəcək. IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri arasında idman əlaqələrini genişləndirəcək, ölkəmizin beynəlxalq idman aləmində nüfuzunun artmasını təmin edəcəkdir.

Nazirliyin baş məsləhətçisi Fərid Qasımzadə yarışın qaydaları barədə məlumat verib. Daha sonra yarış keçirilib.

Yarışda birinci yeri Əməkdar artist Səlim Abbasov tutub. “Lider TV”-nin “Texno park” verilişinin aparıcısı Zaur Əliyev ikinci, “İdman” qəzetinin fotomüxbiri Dilavər Nəcəfov isə üçüncü olublar.

Mükafatçılara qiymətli hədiyyələr və sertifikatlar təqdim olunub.

IV İslam Həmrəyliyi Oyunları mayın 12-22-də Bakıda təşkil olunacaq. 50-dən çox İslam ölkəsindən olan üç mindən çox atlet idmanın 20 növü üzrə on yarış günü ərzində mübarizə aparacaqlar. Yarışlar Bakının ən müasir 16 idman meydançasında təşkil olunacaq. İslam Həmrəyliyi Oyunlarının təşkilinin əsas məqsədi İslam ölkələri arasında həmrəylik və əməkdaşlıq ruhunun möhkəmləndirilməsi və müsəlman gəncləri arasında əlaqələrin inkişaf etdirilməsidir.

Xəbər 778 dəfə oxundu.