DİN əməkdaşları pouerliftinq və bench press üzrə beynəlxalq turnirin qalibi olublar
Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş pauerliftinq və bench press idman növü üzrə beynəlxalq turnir keçirilib.

Beynəlxalq turnirdə yerli idmançılarla yanaşı, xarici ölkələrdən də ağır atletlər baş mükafat uğrunda mübarizə aparıblar.

Yarışda beşqat dünya və Avropa çempionu, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı, polis baş serjantı Kamil Qafarov çəkisi 90 kiloqramadək olan idmançılar arasında bench press hərəkətində 200 kiloqramı qaldırmaqla turnirin qalibi olub.

Yeddiqat dünya və 4 dəfə Avropa çempionu, Samux Rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Rüfət Ağayev çəkisi 125 kiloqramadək olan idmançılar arasında üç hərəkətin cəmində 1055 kiloqram, Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Razim Hüseynov isə ən ağır çəki dərəcələrində 955 kiloqram nəticə göstərərək baş mükafata sahib olublar.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mühafizə şöbəsinin əməkdaşı, polis serjantı Roman Əhmədov isə çəkisi 82 kiloqramadək olan idmançılar arasında ikinci yeri tutub.

AZƏRTAC

Xəbər 1158 dəfə oxundu.