V Zirvə Oyunlarında ağır atletika üzrə yarışların qalibləri müəyyənləşib
AAAF PARK Yaşayış Kompleksinin yarış zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə yeniyetmələr arasında V Zirvə Oyunları təşkil edilib. “Zirvə” beynəlxalq idman klubunun nəzdində müxtəlif idman növləri ilə məşğul olan idmançıların iştirak etdikləri bu yarış artıq ənənə halını alıb.

Builki yarışda 3 idman növü – ağır atletika, cüdo və bədii gimnastika üzrə medal mübarizəsi olub. Yarışlarda respublikanın şəhər, rayon, qəsəbə və kəndlərdə “Zirvə”nin klub və bölmələrinin həkim müayinəsindən keçmiş idmançıları iştirak ediblər.

Ağır atletika üzrə yarışlar 2005-2007-ci il təvəllüdlü oğlanlar və qızlar arasında hər yaş qrupu üzrə Sinkleyr cədvəli əsasında keçirilib. Yarışda birdənqaldırma və təkanlaqaldırma hərəkətlərində dərəcə tələbləri tətbiq olunub. Qızların yarışında Selcan Qarayeva ümumilikdə 94 kiloqram (40+54) nəticə və 174.09 xal ilə qızıl medala sahib çıxıb.

2007-ci il təvəllüdü oğlanların yarışında 61 kiloqram (28+33) nəticə və 194.18 xalla Turan Əliyev, 2006-cı il təvəllüdlü oğlanlarda 83 kiloqram (37+46) nəticə və 219.88 xalla Ravin Alməmmədov, 2005-ci il təvəllüdlü oğlanlarda isə 113 kiloqram (49+64) nəticə və 234.79 xalla Emin Əkbərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Oyunlara mayın 9-da yekun vurulacaq.

Zirvə Oyunlarının keçirilməsində məqsəd idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

Xəbər 1185 dəfə oxundu.