Vüqar Rəsulov ”Daşkənd Open 2017” turnirinin 7-ci turunda Pavel Kotsurla qarşılaşacaq
Daşkənddə Özbəkistanın birinci qrossmeysteri Qeorgi Aqzamovun xatirəsinə həsr olunmuş 11-ci “Daşkənd Open 2017” turnirinin 6-cı turunun görüşləri keçirilib.

Finala üç tur qalmış ən yüksək xalları Pavel Kotsur (Qazaxıstan) və Kiril Stupak (hər biri 5,5 xal) toplayıblar. Bütün görüşlərini məğlubiyyətsiz keçirən liderlər 6-cı partiyada qarşılaşaraq heç-heçə oynayıblar.

Azərbaycanlı qrossmeyster Vüqar Rəsulov və ukraynalı Aleksandr Bortnik liderlərdən yarım xal geri qalırlar. Beş şahmatçının hər biri 4,5 xal toplayıb, 15 şahmatçının hər birinin aktivində 4 xal var.

Yeddinci turda V.Rəsulov qara fiqurlarla P. Kotsur, A.Bortnik ağ fiqurlarla K.Stupak ilə qarşılaşacaqlar.

Beynəlxalq şahmat turniri İsveçrə sistemi üzrə keçirilir və doqquz turdan ibarətdir. Mayın 10-da başa çatacaq turnirin mükafat fondu 20 min ABŞ dollarıdır.

Xəbər 1305 dəfə oxundu.