Futbol üzrə Mərakeş millisi IV İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb
Mayın 8-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışına start verilib.

Mötəbər turnirin ilk oyununda Səudiyyə Ərəbistanı millisi Mərakeş komandası ilə qarşılaşıb. Görüş Mərakeş millisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

“A” qrupu çərçivəsində “AZAL Arena”da təşkil olunan görüşdə Səudiyyə Ərəbistanı yığmasının start heyətində Omar Alsunaın, Abdulmohsen Fallatah, Abdullah Alfahad, Abdulelah Almalkı, Mohamed Kanno, Abdulrahman Alghamdi, Mohammed Alkuvaykibi, Abdulaziz Albişi, Fahad Zahim, Ali Hazazi və Habib Alvatyan yer alıblar.

Mərakeş millisinin ilk onbirliyində isə meydana Yassine Əl Houasli, Fahd Moufi, Aşraf Dari, Zakaria Əl Ayoud, Valid Sabbar, Mohamed Kamal, Mohamed Elmorabit, Aymane Əl Hassouni, Houssam Amaanan, Yəhya Attıat-Allal və Zouheir Əl Moutarajı çıxıblar.

Ukraynalı hakimlər briqadasının idarə etdiyi oyunun ilk hissəsində hesab açılmayıb.

İkinci hissəyə daha fəal başlayan Mərakeş millisi matçın 76-cı dəqiqəsində istəyinə nail olub. Çouaib Əl Maftul adını tabloya yazdırıb – 1:0. Bu, oyunda yeganə qol olub və Mərakeş millisi “Bakı-2017”yə 1:0 hesablı qələbə ilə başlayıb.

Günün digər qarşılaşmalarında Türkiyə-Əlcəzair, Fələstin-Oman və Azərbaycan-Kamerun qarşılaşmaları keçiriləcək.

“Bakı-2017”nin futbol yarışında hər bir komandanın heyəti 23 yaşadək futbolçulardan ibarətdir. Bununla yanaşı, qaydalara əsasən, yaşı 23-dən yuxarı olan üç futbolçu da heyətdə yer alıb.

Futbol üzrə Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarında ilk dəfə çıxış edəcək.

Xəbər 626 dəfə oxundu.