“Neymar Jr’s Five” futbol turnirin Azərbaycan üzrə çempionu bəlli olub
Bakıda Dənizkənarı Milli Parkda “Neymar Jr’s Five” beynəlxalq futbol turnirinin Azərbaycan finalı keçirilib.

16 komandanın iştirak etdiyi final mərhələsində bir sıra regionların təmsilçiləri də mübarizə aparıblar.

Gəncə, Lənkəran, Şəki, Quba və Bakıdan seçim mərhələlərində iştirak edən 330 komandadan 16 kollektiv milli finalda çıxış etməklə yarışın qalibini müəyyənləşdirib. Onlar ulduz futbolçu Neymarın vətəni Braziliyaya dünya finalına yollanmaq uğrunda mübarizə aparıblar.

Gərgin mübarizə ilə yadda qalan milli finalda Bakını təmsil edən “Şirinlər” komandası çempion olub. Finalda “Qara Qartal”la qarşılaşan “Şirinlər” 1:0 hesabı ilə qələbə qazanaraq çempionluq sevinci yaşayıb.

Oyundan sonra qalib komandanın kapitanı Elməddin Hüseynzadə təəssüratlarını jurnalistlərlə bölüşüb: “Azərbaycanda hamıya qalib gəldik, dünya finalında iştirak üçün Braziliyaya yollanacağıq. Orda da hamıya qalib gəlməyə hazırıq”.

Qeyd edək ki, milli finalda müsabiqədən kənar iştirak edən 16-cı komanda “Baku Starts”ın heyəti qızlardan ibarət olub. Zərif cinsin nümayəndələri gözəl oyun sərgiləsələr də ilk görüşdə "Qaradağ – Lökbatan" komandasına məğlub olaraq yarışı tərk ediblər.

Gənclər və İdman Nazirliyi, “Bir” Tələbə Könüllü proqramı, Dənizkənarı Bulvar İdarəsi və digər təşkilatların dəstəyi ilə keçirilən turnirin qeyri-adi qaydaları ilə bir daha tanış olaq: İki komanda, beş beşə (5x5) qapıçılarsız, 1,5 x 0,8 metr ölçülü qapılarla, 17 x 30 metr ölçülü meydançada oynayıb. Matç 10 dəqiqə davam edib. Rəqibin qapılarına vurulan hər qol, həmin komandadan bir oyunçunu meydançadan uzaqlaşdırıb.

Oyun komandalardan birinin son oyunçusunun uzaqlaşdırılmasına və ya matçın vaxtı bitənə qədər davam edir. Görüşün sonunda meydanda daha çox oyunçusu qalan komanda qalib gəlir. Oyunçuların cinsi məhdudiyyəti yoxdur. Komandada 5 oyunçudan minimal olaraq 3 nəfəri 18-25 yaşları arasında, 2 nəfəri isə 25 yaşdan yuxarı ola bilər. Maksimum 2 nəfər 25 yaşdan yuxarı ola bilər.

Yarışın Azərbaycan üzrə ən güclü komandası “Şirinlər” iyulda Braziliyada keçiriləcək “Neymar Jr’s Five” dünya finalına yollanacaq və mötəbər yarışda ölkəmizi təmsil edəcək.

Xəbər 749 dəfə oxundu.