Göyçayda peşəkar idmançıların iştirak etdiyi “Nar kuboku” turnirinə yekun vurulub
Göyçay rayonunda ilk dəfə olaraq tanınmış peşəkar idmançıların iştirakı ilə qaydasız döyüş növləri və kantakt üzrə “Nar kuboku” uğrunda yarışlar təşkil edilib.

Teymur Əhmədov adına “AzNar” İdman Klubunun təşkilatçılığı ilə Göyçay şəhər stadionunda keçirilən turnirin açılışında Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev çıxış edərək Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi yüksək qayğıdan, ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsindən, idmançılarımızın qazandığı uğurlardan danışıblar. “AzNar” QSC-nin maliyyə dəstəyi ilə Azərbaycan Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyasının və “AzNar” İdman Klubunun fəaliyyət göstərməsi yüksək qiymətləndirilib.

Azərbaycanlı peşəkar K-1 döyüşçüsü, dünya çempionu, “Mauqli” ləqəbli Zabit Səmədov turnirin yüksək səviyyədə təşkil edildiyini deyib və yarış iştirakçılarına uğurlar arzulayıb. Qeyd edilib ki, hazırda ölkəmizin 35 şəhər və rayonunda çoxmübarizəli döyüş idman növləri üzrə klublar fəaliyyət göstərir. Azərbaycanda, ümumilikdə, 5 mindən çox yeniyetmə və gənc bu idman növü ilə müntəzəm məşğul olur. Ötən altı ildə çoxmübarizəli idman döyüş növü üzrə dünya və Avropa çempionu titulunu qazanan 6 idmançı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına imtahansız qəbul edilib.

İ.Vəliyev ölkəmizdə bir çox sahələrin inkişafına göstərdiyi dəstəyə və humanitar layihələrin maliyyələşdirməsinə, yeni iş yerləri açmasına görə Rusiyada yaşayan azərbaycanlı iş adamı, “AzNar” QSC-nin sahibi Fərhad Əhmədova Göyçay Rayon İcra Hakimiyyəti adından “Dostluq və xeyriyyəçilik” mükafatını təqdim edib.

Konsert proqramından sonra ümumi mükafat fondu 18 min manat olan “Nar kuboku” turnirinə start verilib.

Stadionda quraşdırılan rinqə çıxan 12 peşəkar idmançı arasında altı qaydasız döyüş keçirilib. İki raunddan ibarət qarşılaşmalarda müxtəlif döyüş növləri üzrə Azərbaycan çempionatlarının və beynəlxalq turnirlərin mükafatçıları Emin Hüseynov (59 kq), Novruz Novruzov (61 kq), Fuad Əliyev (66 kq), Təhməz Əlizadə (80 kq), Səbuhi Həsənov (84 kq) və Zaur Abdulqədirov (100 kq) rəqiblərini məğlub edərək turnirin qalibi olublar.

İdmançılara pul mükafatı və diplomlar təqdim edilib.

Yarışları, ümumilikdə, 5 mindən çox idman həvəskarı izləyib

Xəbər 1221 dəfə oxundu.