Azərbaycan güləşçiləri Avropa çempionatında üç gün ərzində 6 medal qazanıblar
Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı davam edir.

Güləşçilərimiz ilk 3 yarış günündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar. Mariya Stadnik (48 kq) və Giorgi Edişeraşvili (57 kq) qızıl, Murad Süleymanov (74 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (60 kq) bürünc medala sahib olublar.

Dördüncü yarış günündə 58 və 69 kiloqramda qadın, 70 və 125 kiloqram çəkidə isə sərbəst güləşçilər mübarizə aparırlar.

Çempionatda 58 kiloqram çəkidə mübarizə aparan Nataliya Sinişin ilk görüşdə İtaliyadan olan rəqibini tam üstünlüklə məğlub edib. Norveç təmsilçisi ilə gərgin keçən görüşü uduzan güləşçimiz rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə haqq qazanıb. Bu görüşdə Polşa idmançısını mübarizədən kənarlaşdıran Nataliya bürünc medal şansını qoruyub. Üçüncü yer uğrunda görüşdə onun rəqibi Macarıstan idmançısı olacaq.

Elis Manolova (69 kq) ardıcıl Yunanıstan və İsraildən olan rəqiblərini üstələyib. Yarımfinalda Rusiya idmançısına uduzan təmsilçimiz bürünc medal uğrunda görüşə çıxacaq. Güləşçimizin bürünc medal uğrunda Fransa idmançısı ilə üz-üzə gələcək.

İlk görüşündə İtaliyadan olan rəqibinə uduzan Ruslan Dibirhacıyev (70 kq) rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə haqq qazanıb. Moldova idmançısını üstələyən Ruslan bürünc medal uğrunda mübarizə aparacaq. Bu dəfə onun rəqibi Rumıniya təmsilçisi olacaq.

Turnirdə 125 kiloqram çəkidə mübarizə aparan Cəmaləddin Məhəmmədov ardıcıl olaraq Belçika, Ermənistan və Slovakiyadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Qızıl medal uğrunda görüşdə idmançımız Türkiyə idmançısı Taha Akgüllə qarşılaşacaq.

Xəbər 650 dəfə oxundu.