Birləşmiş Ərəb Əmirlikləri İslam Həmrəyliyi Oyunlarında 28 atletlə təmsil olunacaq
Mayın 12-22-də Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına ərəb ölkələrindən 600-ə yaxın atlet qatılacaq. Mötəbər idman tədbirinin təşkilatçılıq səviyyəsi və yarışların gedişatı Yaxın Şərq ölkələrinin diqqət mərkəzindədir. Ərəb mediası və idman ictimaiyyəti “Bakı-2017”yə göstərilən marağı yüksək qiymətləndirir. Oyunlarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 28 atletlə təmsil olunacaq. Bu barədə BƏƏ-nin Milli Olimpiya Komitəsinin açıqlamasında bildirilir.

Komitənin rəsmisi Əhməd Camal yazılı açıqlamada milli heyətin yarışlara tam hazır olduğunu və yaxın günlərdə Azərbaycana yola düşəcəyini qeyd edir. BƏƏ-ni təmsil edəcək idmançıların “Bakı-2017”ni böyük həyəcanla gözlədikləri və yarışlarda qalib gəlmək üçün əllərindən gələni əsirgəməyəcəkləri vurğulanır. İdmançılar xüsusilə atıcılıq, taekvando və cüdo növləri üzrə medallara iddialıdırlar.

Dördüncü İslam Həmrəyliyi Oyunlarının təşkilatçılıq səviyyəsi, hazırlıq tədbirləri və Birləşmiş Ərəb Əmirliklərinin yarışlarda iştirakı yerli mediada geniş işıqlandırılır. “Gulf Today”, “The National”, “Əl-Fəcr”, “Bein Sport” kimi nüfuzlu mətbu orqanlar Azərbaycanda bu mötəbər idman hadisəsinə xüsusi önəm verildiyini yazırlar. Ərəb mediasındakı yazılarda xüsusi diqqət yetirilən məqamlardan biri də “Bakı-2017”nin təşkili zamanı nəzərə alınan yüksək təhlükəsizlik tədbirləri və turistlərin rahatlığı üçün yaradılan şəraitdir.

Ərəb media mütəxəssisləri İslam Həmrəyliyi Oyunları sayəsində Körfəz bölgəsindən Azərbaycana edilən turist səfərlərinin artacağını proqnozlaşdırırlar.

AZƏRTAC

Xəbər 572 dəfə oxundu.