Milli Gimnastika Arenasına mediatur təşkil olunub
Mayın 4-də IV İslam Həmrəyliyi Oyunlarının ərəfəsində Milli Gimnastika Arenasına mediatur təşkil olunub.

Tur zamanı media nümayəndələri arena ilə tanış olublar. 9600 nəfər üçün nəzərdə tutulmuş Milli Gimnastika Arenası iki hissədən ibarətdir. Oturacaqlar açıq və qapalı yerlərdə istifadə olunur. Dünyada analoqu olmayan, xüsusi texnologiya əsasında hazırlanan arena genişlənə bilir. Gündəlik əsasda burada gimnastların beynəlxalq yarışlara hazırlıq prosesi aparılır. Arenada məşqlər üçün nəzərdə tutulmuş zallar, auditoriyalar, atletlər üçün xidmət göstərən yeməkxana mövcuddur. Burada 200-ə yaxın 12-13 yaşından yuxarı oğlan və qızlar idmanla yanaşı Təhsil Nazirliyi ilə razılaşma əsasında öz təhsillərini də davam etdirirlər.
Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov idman zalının yarışlara ümumi hazırlığı barədə jurnalistlərə məlumat verib. Bildirilib ki, ötən həftə keçirilən bədii gimnastika üzrə dünya kubokundan dərhal sonra zalın İslam Həmrəyliyi Oyunlarına hazırlığına başlanılıb. Proses başa çatmaq üzrədir. Artıq yarışların keçiriləcəyi arena hazırdır. Məşq zalında da işlər tamamlanır. Mayın 6-dan etibarən məşq zalı idmançıların ixtiyarına veriləcək. İslam Həmrəyliyi Oyunlarının tarixində ilk dəfə gimnastika yarışları keçiriləcək. Bura kişi və qadın idman gimnastikası ilə yanaşı, bədii gimnastika üzrə də yarışlar daxildir. Komandamız maksimal idmançı sayı ilə təmsil olunacaq. Yığmaya bədii gimnastika üzrə üç, kişi və qadın idman gimnastikası üzrə hər biri üç olmaqla altı idmançı daxildir.
Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının baş məşqçisi Mariana Vasilyeva İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini vurğulayaraq bildirib: “Oyunlara çox böyük məsuliyyətlə hazırlaşırıq. Ötən həftə keçirilən, 21 ölkənin təmsil olunduğu dünya kubokunda idmançılarımız çox layiqli çıxış etdilər və 12 ən güclü komanda siyahısına düşdülər. Məhz bu oyunlarda təmsil olunan Jalə Piriyeva və Zöhrə Ağamirova İslam Oyunlarında iştirak edəcəklər. Bundan əlavə Marina Durunda da ölkəmizi İslam Həmrəyliyi Oyunlarında təmsil edəcək idmançılar sırasındadır. Hər idmançımız dörd növ hərəkətlə çıxış edəcək. Bütün idmançılarımız yarışlara çox böyük həvəs və məsuliyyətlə hazırlaşırlar. Hər bir məşqçi kimi mən də bu oyunlara böyük ümidlər bəsləyirəm. Mənim fikrimcə, bütün ölkə idmançılarımızdan ilk növbədə uğurlu çıxışlar və sevindirici nəticələr gözləyir”.

Xəbər 517 dəfə oxundu.